Azərbaycanda ilk dəfə vəfat etmiş şəxsə QR kodlu məzar daşı qoyulub.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb. QR kod vasitəsilə mərhum haqda məlumatları, onun həyat hekayəsini, şəkil və videolarını görmək mümkündür.
Bəs görəsən, qəbirlərə bu cür cihazların quraşdırılması dini cəhətdən doğrudur?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında İlahiyyatçı Tural İrfan bildirib ki, dinimiz qəbirlərin təmtəraqlı və şan-şöhrətli olmasını qəbul etmir:
"Peyğəmbərimizin hədisi var ki, mənim qəbrimi 4 barmaqdan yüksəyə qaldırmayın. Məscidlərinizi və şəhərlərinizi gözəlləşdirin. Təəssüf ki, son dövrlər insanlar bahalı qəbir daşları, müasir dövrə uyğun cihazlar quraşdırırlar. Bu müsəlmana uyğun davranış deyil. Doğrudur,dində bununla bağlı qəti qadağa hökmü yoxdur. Lakin hər halda dində qəbahət hesab olunur. Çünki müsəlman dünyaya yox, axirətə bağlanmalıdır. Vaxtilə "Ad, Səmud, Lut" qövmləri mövcud olub ki, onlar məhv edilib. Onların sivilizasiyasının əlamətləri isə hələdə qalmaqdadır. Daşlaşmış insanlar qayalardan evlər oyurdular. Onlar Allah tərəfindən bu cür hərəkətlərinə görə, məhv ediliblər. Quranda bu barədə bir çox ayələr var. İnsanlar yaxşı olardı ki, qəbrə "QR kodu" qoymaq əvəzinə, ölünün adına, ruhuna bulaq, yol çəkdirsinlər. Və yaxud kasıb birinə kömək etsinlər. Həmçinin, bu savab sayılar. Qəbrin qeyri-adi formada tərtibi bir növ başqalarına acıq vermək kimi sayılır. Elə kasıb müsəlmanlar var ki, qara mərmərdən 4-5 mm-lik daş qoya bilmir. Onun yanında bu tərz qəbirlərin ucaldılması şəxsiyyətin alçaldılması deməkdir. Bu həmin şəxsin ölüsü və özü üçün o biri dünyada əzabdır".
T. İrfan vurğulayıb ki, bütün qəbirlər standart olmalıdır:
"Türkiyə, Asiya və bütün müsəlman ölkələrində bununla bağlı qanun var. Bəzi ölkələrdə isə belə bir qaydaya ehtiyac yoxdur. Çünki həmin vətandaşlar anlayışlıdılar. Ancaq Azərbaycanda buna ehtiyac var. Qəbirstanlıqların əksəriyyətində böyük torpaq sahələri ayrılaraq məqbərələr ucaldılır. Bir müddət sonra ölünü dəfn etməyə yer qalmayacaq. Həmçinin, bu cür cihazların, kameraların yerləşdirilməsi düzgün deyil. Mərhumun xatirəsini əbədiləşdirmək istəyənlər üçün müxtəlif yollar var. Bu barədə din xadimləri, məscid imamları söhbətlər aparmalıdırlar. Onlar isə ancaq məscidlərdə xurafat nağıllar danışırlar. Quranı başlarına qoyaraq əjdaha, canavardan danışırlar. Onlar insanları maarifləndirərək başa salmalıdılar ki, belə bir şey dində yoxdur. Əgər lazım olsa, idi Həzrəti Məhəmməd(s.a.v.), imamların qəbrinə qoyulardı. Bir sözlə, bu dini cəhətdən günahdır".