Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.
Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib:
“Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.
Müasir dövrdə ailə qurmaq istəyənlərin sayı azalıb. Maraqlıdır, bu nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, tək bizdə deyil, dünyanın bir neçə ölkəsində ailə quranların sayında azalma müşahidə olunur:
"Əsasən Avropa ölkələrində bu tendensiya daha sıx görünür. Çünki insan nə qədər müasirləşirsə, həyat onları tək yaşamağa sövq edir. Sosial şəbəkələr cəmiyyəti fiziksəl olaraq bir-birindən ayırır. Bunun nəticəsində gənclər ailə qurmaq istəmir. Həmçinin, ailənin öz məsuliyyəti var. Bu zaman tək özünü yox, həyat yoldaşını və gələcək uşaqlarını düşünmək məcburiyyətindəsən. Bəziləri bu məsuliyyətin altına girməkdən qorxur. Azərbaycanda sosial problemlər də gəncləri gec ailə qurmağa vadar edir".