Şəkidə itkin düşdüyü bildirilən 16 yaşlı qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb.
Araşdırma aparılır.
Son zamanlar azyaşlıların itkin düşmə xəbərlərinə tez-tez rast gəlinir. Maraqlısı odur ki, onların əksəriyyəti Bakıdan tapılır. Sual meydana çıxır. Valideynlər yeniyetməlik dövründə hansı nüanslara diqqət etməlidirlər?
Məsələni dəyərləndirən psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, əvvəllər yeniyetməlik yaş dövrü 13-17 yaş olsa da, Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasında bu yaş aralığının 9-25 yaş olaraq dəyərləndirilib:
"Köhnə ideologiyaya əsasən uşaqların yeniyetməlik dövründə çətinlik dönəmi 2-3 il olsa da, indiki halda bu kifayyət qədər uzunmüddət davam edir. Bu səbəbdən yanaşmaların da dəyişməyin vaxtıdır. Yəni, yeniyetməlik dönəmində onlara qarşı tolerans və anlayışlı davranmaq lazım olduğunu vurğulayırdıqsa, hazırda isə doğru istiqamətləndirmək və yaxşı örnək olmalıyıq. Hətta, konsepsiya dəyişimi belə, bizlərə yeniyetmələrlə rəftarın necə olmasına dair işıq yolu ola bilər. Yeniyetmələri və yaxud azyaşlıların evdən qaçmasına gəldikdə isə bir neçə nüansa diqqət etmək gərəklidir. Ən önəmli faktor isə ev şəraitində hansı tip şiddətə məruz qaldığının aşkarlanmasıdır. Fiziki şiddət isbat olunsa, onların çıxış yolu olaraq evi və yaxud ölkəni tərk etməsi normaldır. Daha sonra uşağın çevrəsində zorakılıq halları araşdırılmalıdır. Hər bir halda qaçmaq doğru çıxış yolu deyil. Ancaq uşaqlar duyğularını necə ifadə etməli olduqlarını bilmirlər. Bu sahədə təcrübələri olmadığına görə, ilk ağıla gələn, ən qabarıq şəkildə reaksiya verirlər. Bu zaman valideynlər övladlarının ən kiçik reaksiyalarını başa düşməlidirlər ki, böyük təsirlərlə qarşılaşmasınlar. Valideyn-övlad münasibətlərində empatiya, duyum kifayyət qədər azaldığı üçün bu cür hadisələr tez-tez müşahidə olunur. Burada evi tərk edən azyaşlı ilə deyil, ailə, məktəblə iş aparmalıyıq. İndiki dövrdən fərqli olaraq əvvəlki dövrün uşaqları icazə almadan nəfəs belə ala bilmirdilər. Dövr dəyişir, insanlar sosial məcralardan fərqli təcrübələr qazanır. Onlar bu gördüklərinin özlərinin də edə biləcəklərini anlayırlar. Məsələn, keçmişdə çəkilən kinolardakı yeniyetmə səhnələrində nə qədər qıcıq yaradan obrazlar olub? Bundan başqa musiqi sözləri, trendlər, bloqerlər uşaqlara həmçinin, bütün insanlara təsir edir. Belə olduğu halda insanlar dünyanın başqa bir yerində "azad, daha yaxşı" yaşaya bilirsə, mən bu evdə niyə sıxıntı yaşayım düşüncəsi ilə qaç, qurtul reaksiyalarını seçirlər".
Psixoloq qeyd edib ki, valideynlər övladlarına ailə dəyərini izah etməlidir:
" Məsələn "bəli, əzizim ola bilər ki, dünyanın və yaxud Azərbaycanın hansısa bir yerində bəzi ailələrin baxışı daha fərqlidir. Ancaq sən anlamalısan ki, bu bizim ailə dəyərimizə görə formalaşdırdığımız reaksiyalardır. Mən çox istəyərəm ki, sən bizə hörmət edib o ideologiyada davam edəsən". Təbii ki, hər bir kəs bu cümləni ailə üslubuna uyğun övladlarına ötürsə, problem həll oluna bilər. Təssüf ki, hazırda ailələr dəyər vahidlərini itirdiklərinə və başqalarını yamsılamaqla məşğul olduqları üçün ölkədə bu cür problemlərin olması qaçınılmazdır".