Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 11,5 faiz artaraq 2024-cü il mart ayının 1-nə milli valyuta ekvivalentində 13 267,2 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Əmanətlərin 64,7 faizi milli, 35,3 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 17,6 faiz artıb. Maraqlıdır, vətəndaşlar nəyə görə milli valyutanın banka qoyulmasının tərafdarıdır?
Məsələni dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a söyləyib ki, vətəndaşların milli valyutaya üstünlük verməsinin səbəbi əmanətlər üzrə faiz dərəcəsinin daha yüksək olmasıdır:
"Bu 10-12 faiz arasındadır və əlavə 12 faizə qədəri isə qorunan əmanətdir. Yəni, gələcəkdə bank bağlansa, sığortalanaraq konpensasiya olunur. Xarici valyutada yalnız 2.5 faiz dərəcəsi ödənilərsə, əmanət sığortalanır. Bir sözlə, az qazanca görə milli valyutanı seçənlər daha çox olur. Eyni zamanda milli valyutada əmanətlər üzrə faizlər müəyyən şərtlərlə vergidən azaddır. Həmçinin, devalivasiyası gözlənilmir, sabit qalır. Ümumiyyətlə, Azərbaycanda faiz dərəcələri yüksəkdir. İqtisadi baxımdan əmanətlər üzrə faizlər nə qədər çoxdursa, kreditlər üçün də artacaq. Məsələn, bank 10 faizlə əmanət qəbul edərək bunun üzərinə faiz qoyaraq başqasına kredit verir. Aparıcı ölkələrdə faiz göstəriciləri belə deyil, daha aşağıdır. Yəni, əmanətlər üçün təyin edilən yüksək faizlər iqtisadiyyata sərf etmir. Ancaq gəlir əldə etmək istəyənlər üçün əlverişli fürsətdir. Yaxşı olardı ki, həmin vəsait iqtisadiyyata yatırılsın. Amma Azərbaycanda başqa sahələrə yatırım qoyulma qaydası yoxdur. Bir sözlə, daşınmaz əmlak almaq təhlükəlidir. Çünki istənilən bəhanə ilə əlindən ala bilərlər. Biznesə yatırım etmək istəyənlər də qorxurlar ki, sahibkarlığın müdafiə səviyyəsi zəifdir. Buna görə də ən rahat gəlir banklara əmanətin qoyulmasıdır".