Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.
Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Ağcabədi rayon sakini olan 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bununla bağlı olaraq azyaşlının atası Sadiq Mirzəyev bir neçə dəfə polis şöbəsinə dəvət edilib.
Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, sosial platformadan asılı olmayaraq bir şəxs ümumi əxlaqi dəyərlərə zidd hərəkət edirsə, həmin adam mütləq cəzalandırılmalıdır:
"Bu əyani şəkildə vətəndaşların gözü qarşısında edilməlidir. Qəbul edilən etik qaydalara əməl etməyənlər heç kimi sayaraq hörmət etmir. Düşünürəm ki, bu tip cəzaların müsbət təsiri olacaq".