Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir.
Bu təklifi qurumun sədr müavini Aynur Sofiyeva aprelin 17-də parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə irəli sürüb.
O söyləyib ki, ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin təsis olunması çox vacibdir: “Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə məlum olur ki, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərirlər, ailə çəkişmələrinin təsirlərini azaldırlar, eyni zamanda ailələrin bərpasına böyük dəstək olurlar”. A.Sofiyeva diqqətə çatdırıb ki, hazırda Azərbaycanda psixoloji xidmət istənilən səviyyədə deyil. Onun sözlərinə görə, psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var: “Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb. Bu gün ailə məsələlərindən danışanda ən narahatedici məsələ boşanmaların artmasıdır. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq”.
Təklifi dəyərləndirən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, Azərbaycanda ailə məzmununun strukturunda və münasibətlərdə baş verən dəyişikliklər yeni yanaşmalar tələb edir:
"Günümüzdə ailə məhkəmələrinin, psixoloq instutunun yaradılması bir qədər geçişmiş təklifdir. Hesab edirəm ki, ailə məhkəmələrindənsə, ailə psixoloqu, sosial işçilərinin mövcudluğu və instutlaşması daha əhəmiyyətlidir. Azərbaycanda həm sosial xidmətlər, həm də psixoloji yardımla bağlı qanunlar mövcuddur. Lakin bunlar kifayyət deyil. Hesab edirəm ki, ölkəmizdə psixoloqların, sosial işçilərin fəaliyyətini tənzimləyən, lisenziyalaşdıran yeni qanuna ehtiyac var. Bəzən özünü universal zəka kimi göstərən psixoloqlar və sosial işçilər olur. Bu səbəbdən ailə münaqişələrində, daxili-psixoloji gərginlik vaxtlarında psixoloqların, sosial işçilərin pozitiv müdaxiləsi əhəmiyyət kəsb edəcək. Bunun üçün isə münaqişələrin tənzinlənməsinə qadir olan psixoloqların hazırlığı və liseziyalaşmasına diqqət yetirməliyik. Ölkədə fəaliyyət göstərən psixoloqların praktik bacarıqları artırılmalıdır. Bu istiqamətdə dünya təcrübəsindən istifadə edilməlidir".
Ekspert vurğulayıb ki, boşanmaların əksəriyyətinin qarşısını almaq mümkündür:
"Yetər ki, ona düzgün müdaxilə edilə bilsin. Həmin ailələrlə məhkəmələrdən öncə doğru sosial-psixoloji iş aparılsa, boşanmaların statistikası minimuma endiriləcək. Əlbəttə, bununla yanaşı tədbirlərə də gərək var. Belə ki, televiziyalarda ailə dayanıqlığını sarsıdan verlişlər ləğv edilməli, gender bərabərliyi adı altında feministlik təbliğ olunmamalıdır. Təklif edirəm ki, Ailə,Qadın və Uşaq Dövlət Komitəsinin tərkibində psixoloq, sosial işçi ştatlarının sayı artırılsın".