AİB sədri: Unun fortifikasiyası mütləq həyata keçirilməlidir

“Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb”.                                                 
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
 AQTA sədri bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək:                           
“Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.
Bu dəyişikliyin hansı effektiv cəhətləri olacaq? 

Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  "Sherg.az"a söyləyib ki, Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı müzakirələr 2014-cü ildə aparılıb və Asiya İnkişaf Bankı müəyyən işlər görüb:

''Azad İstehlakçılar Birliyi partnyor kimi seçildi və unun vitaminlər, dəmirlə zənginləşdirilməsi fikirləri meydana gəldi. Bununla bağlı 4 dəyirmana xüsusi avadanlıqlar verildi. Dərmanlara KAP deyilən qatqılar əlavə edildi. Qırmızı gülən uşaq şəklində xüsusi loqo hazırlandı. Zənginləşdirilmiş un kisələrinin üzərinə həmin loqo yapışdırıldı. Ancaq bir müddətdən sonra görüldü ki, bu şəkillər yalandan vurulub və unun tərkibində heç bir zənginləşdiriləcək maddə yoxdur. Həmin şəxslərə qarşı mübarizə aparıldı və təşəbbüs sıradan çıxdı. Ona görə də unun fortifikasiyasının həyata keçirilməsi üçün qanun qəbul edilməlidir. Bu barədə Azərbaycanda ciddi problemlər var. Vətandaşların əksəriyyətində anemiya, qanda dəmirçatışmazlığı müşahidə edilir. Bu da bir çox xəstəliklərə səbəb olur. Çörəyin tərkibinə dəmirin qatılması əhali  arasındasəhv fikirin formalaşmasına gətirib çıxarır. Onlar düşünürlər ki, bununla əhalinin üzərində eksperiment keçirilir. Ancaq bu yanlış düşüncələrdir. Qeyd edim ki, 2001-ci ildə duzun yodlaşdırılması tədbirlərinin keçirilməsinə təqribən 85 faiz nail olunub. Bu qəbildən unun fortifikasiyası mütləq həyata keçirilməlidir.Çox  ehtimal ki, bu istiqamətdə beynəlxalq qurumlarla və yaxud Qida Təhlükəsizlik Agentliyi ilə əmakdaşlıq edilsə, AQTA olaraq əhali arasında maarifləndirmə işləri, monitorinqlər aparılacaq. Bir çox inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur".