"Müsəlman dünyasında ən güclü ailə modeli Azərbaycanda idi, amma təəssüf ki.."
“Bu gün dünyada milli-mənəvi dəyərlər sisteminin böhran içərisində olması hər bir dövləti və xalqı, o cümlədən də bizi təhdid edir. Xüsusilə dəyərlər sisteminin bir parçası olan ailə modelinin dağıdılması tendensiyası sosial fəlakətə yol açır”.
"Sherg.az" xəbər verir ki, bu barədə Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) baş katibi Yaşar Kələntərli deyib.
Partiya rəsmisi əlavə edib ki, bu istiqamətdə gedən qlobal proseslərdə daxili resurslardan alət kimi istifadə olunması acınacaqlı mənzərədir:
“Mən xüsusilə televiziyaları misal çəkmək istəyirəm. Azərbaycan televiziyalarında nəinki dəyərlərimizin, adət-ənənələrimizin qorunması istiqamətində verilişlər var, ümumiyyətlə milli dəyərlərimizin dağıdılmasına rəvac verən televiziya proqramlarının sayı həddindən artıq çoxdur. Bu isə təbii ki, məsələni adiləşdirir, nəticədə problem hər bir ailəyə ayaq açma səviyyəsinə yüksəlir”.
Y.Kələntərli diqqətə çatdırıb ki, bu gün sosial problemlər, işsizlik narkomaniyanın geniş yayılması da ailə institunun dağıdılmsına gətirib çıxarır:
“Amma səbəblərin kökündə həm də, qeyri-ənənəvi “dəyərlər”in təbliğ olunması, LGBT, feminizm kimi pozğun həyatın, həmçinin cinsi azlıqların həyatının xüsusilə sosial şəbəkələrdə təbliğatı və adi, normal hala çevrilməsi böhranı daha da dərinləşdirir. Bu gün təəssüflə qeyd etmək istəyirəm ki, bu cür anormallığın təbliğatçısına çevrilən verilişlər daha çox reytinq qazanır”.
Y.Kələntərli həmçinin “ona görə də düşünürəm ki, bu cür halların aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinə, mənəvi dəyərlərimizin, Azərbaycan ailə modelinin təbliğatına və qorunmasına böyük ehtyac var,- deyə əlavə edib:
“Nəzərinizə çatdırım ki, müsəlman dünyasında ən güclü ailə modeli Azərbaycanda idi. Amma çox təəssüf ki, biz, bu gün bunu deyə bilmirik. Bu gün ölkədə boşanmaların statistikasına baxanda adamı dəhşət bürüyür, ən azı 50 faizə çatır. Burada texnoloji inkişafın nəticələrini də gözardı etməməliyik. Biz, partiyanın idarə heyətinin son iclasında da bu məsələni müzakirə etdik. Xüsusilə Avroviziya yarışmasının müsəlman ölkəsi olan Azərbaycana yalnız ziyan verdiyini düşünürük. Hesab edirəm ki, milli sərvətimiz olan dəyərlərimizin təbliğatı və qorunması üçün dövlət, cəmiyyət, siyasi institutlar, media və ictimai təşkilatlar olaraq ciddi şəkildə çalışmalıyıq. Bu bəladan fərdi şəkildə qorunmaq mümkün deyil”.