“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında DİN-in Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyundai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
İdarədən APA-ya verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Məsəslə ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında deyib ki, son zamanlar avtoxuliqanlıqda ittiham olunan sürücülərin sayı artıb:
"Avtoxuliqanlıq sürücülük mədəniyyətinin olmaması, məsuliyyətsizlikdən irəli gəlir. Bu da sürücülük məktəbləri və kurslarda aşılanır. Ancaq Bakı, Sumqayıt, Gəncədən başqa, Azərbaycanın digər şəhərlərində olan həmin sürücülük kursları formal xarakter daşıyır. Fikrimcə, problemin həlli üçün buradan başlamaq lazımdır. Belə halların qarşısını almaq üçün mütləq sürücülük məktəbləri və kurslarına nəzarət gücləndirilməlidir. Çünki avtomobil sürməyi öyrənməyə başlayan şəxslər burada təhsil alır".