Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunur.
APA xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 4 nəfərə şamil olunub.
Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 qadın məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov iştirak edir.
Qeyd edək ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.
Onlardan 63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb.
İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.
Bundan başqa azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.