Saxta polis təhlükəsi: Vətəndaşlar necə qorunmalıdır? -AÇIQLAMA

Son günlər sosial şəbəkədə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin binalara, evlərə gəlməsi barədə məlumatlar yayılır.
Trend xəbər verir ki, yayılan məlumata görə, həmin şəxslər polis nişanları olan sənədlər və blanklara sahib həmin şəxslər özlərini polis kimi təqdim edərək, oğurluq üçün evlərə girirlər.
DİN-in Mətbuat xidmətindən Trend-ə bildirilib ki, yayılan görüntülər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur.
"DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb", - deyə əlavə edilib.


Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, son zamanlar bu kimi hallar daha çox artmağa başlayıb:

“Belə hallarda vətəndaşları diqqətli olmağa çağırırıq. Diqqətli olsunlar, tanımaqdıqları, güvənmədikləri şəxslərə və yaxudda özlərini bu cür polis əməkdaşı kimi təqdim edən məmurları yoxlamadan inanmasınlar. Yoxlanış üçün isə onların xidməti vəsiqəsi nəzərdən keçirilməlidir. Həmçinin vəsiqənin seriya nömrəsinin orjinallığı təsdiq edilməlidir. Sənədin düzgünlüyü təsdiq edildikdən sonra həmin şəxslərə inana bilərlər. Belə hallar baş verən zaman 102 xidmətinə və ya Daxili İşlər Nazirliyinə müraciət edilməlidir. Ümumiyyətlə dünya təcrübəsindən də görürük ki, bu cür vəsiqələri xüsusi çap vasitəsilə saxtalaşdırmaq çətin olunur. Saxtakarlıq və cinayətkarlıq elə bir haldır ki, dünya var olduqca baş verəcək. Ona görə də bu hadisələrin qarşısı müəyyən müddətlik alına bilir.”