Növbəti köç karvanı Xocalıya çatıb - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.

APA-nın Qarabağ bürosu xəbərə verir ki, ailələr artıq Xocalı şəhərinə çatıb. Gələn ailələri Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə evlərin açarları paylanılıb.

Qeyd edək ki, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərində 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.

***

05:41

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə 88 nəfər köçürülüb.

Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.