Xruşşovka”lar yerləşdiyi ərazidə ən ucuz mənzil növü olub -AÇIQLAMA

Mövcud ajiotaj yayılan informasiyalara görədir. Bakının yeni planı ilə bağlı layihə təsdiqlənib. Həmin layihəyə görə, bir çox köhnə, o cümlədən, qəzalı binalar söküləcək. Bu informasiyaların fonunda müəyyən ajiotaj yaranıb və köhnə binalarda yaşayan vətəndaşlar bazara öz mənzillərini çıxarırlar.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bakıda “xruşşovka”ların kütləvi şəkildə satışa çıxarılması ilə bağlı “Yeni sabah”a danışarkən deyib.
O bildirib ki, vətəndaşlar həmçinin artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir:
“Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir. Düşünürəm ki, bu tendensiya artan templə davam edəcək. Bazarda yəqin ki, son dövrlərdə olduğu kimi, daha çox köhnə tikililərə rast gələcəyik”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, “xruşşovka”lar hər zaman yerləşdiyi ərazidə ən ucuz mənzil növü olub:

“Ucuz olduğu üçün həmin mənzillərə tələbat çox olub. Fransız və xruşşov layihələri oxşar laiyəhələrdir. Hər zaman bu evlərin satışı aktiv olub. Bazarda onların 3-5 faiz artıb-azalması labüd haldır. Həmin mənzillərin son 8-10 il ərzində ipotekaya yararlı olmadığı üçün qiymətləri və tələbləri azalıb. Düzdür ipoteka baxımından 9 mərtəbəli binalara tələbat daha çoxdur. Lakin son 3 il ərzində də ipotekaya müraciət çox olduğu üçün evlərin qiymətində artımlar müşahidə edilir. Ona görə də deyə bilmərəm ki, bu il ərzində birdən birə xruşşov tipli binalar kütləvi satışa çıxarılıb.”