"Gündoğar ölkə": Yaponlar kitab, qəzet oxumağa meyilli xalqdır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

 
 Azərbaycan həqiqətlərini yapon ictimaiyyətinə çatdırmaq üçün  ölkəmizlə bağlı kitabların çapına əhəmiyyət verilməlidir
 
 
 
 Son illərdə Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə olunub. Bu baxımdan, dövlət tərəfindən diaspor siyasəti istiqamətində də davamlı addımlar atılmaqdadır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sistemli və ardıcıl siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan diasporunun nümayəndələri yaşadıqları ölkələrdə dövlətimizi və xalqımızı layiqli şəkildə təmsil etmək üçün böyük səy göstərirlər. Eyni zamanda xarici ölkələrdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daim əlaqələndirərək Azərbaycanın əldə etdiyi uğurlar fonunda ölkəmizin daha yaxşı tanıdılması baxımından müxtəlif tədbirlər həyata keçirirlər.
Günümüzün reallıqlarından biri diaspor quruculuğu və lobbiçilik fəaliyyətidir. Dünyanın Azərbaycana və Azərbaycan həqiqətlərinə ikili standartlarla yanaşdığı bir zamanda diaspor quruculuğu və lobbiçilik dövlət siyasətimizin əsas hissələrindən birini təşkil edir. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən sonra diaspor təşkilatlarımızın üzərinə ciddi məsuliyyət düşür.
 Qeyd edək ki, bu günlərdə Tokio şəhərində Yaponiyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə açılış nitqi ilə çıxış edən ölkəmizin Yaponiyadakı səfiri Gursel İsmayılzadə bu ölkədə yaşayan Azərbaycan icmasının bir araya gəlməsinin əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, həm Dövlət Komitəsi, həm də səfirlik hər zaman soydaşlarımızı dinləməyə, onları maraqlandıran sualları cavablandırmağa hazırdır.
 Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntər Vətən müharibəsindən sonra Azərbaycan diasporu qarşısında yeni hədəflərin dayandığını, bu toplantının həmin hədəflərə çatmaq istiqamətində mühüm addım olduğunu vurğulayıb.
 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, gerçəkləşdirilən irimiqyaslı layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və sair haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən Yaponiyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Sonra diaspor fəaliyyətində xidmətlərinə görə Xəlil Kələntərə və Minarə Şükürovaya təşəkkürnamələr təqdim edilib. Görüş icma üzvlərini maraqlandıran sualların cavablandırılması və gələcək planlar haqqında fikir mübadiləsinin aparılması ilə başa çatıb.
Eyni zamanda Yaponiyanın Kanaqava əyalətinin Yokohama şəhərində bu ölkədə yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovanın konserti keçirilib.
 Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Zen On” musiqi nəşriyyatının dəstəyi, Azərbaycanın Yaponiyadakı səfirliyinin informasiya dəstəyi ilə “Kenmin Hall” salonunda gerçəkləşib.
 Konsertdə iştirak edən Fuad Muradov çıxışında Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği istiqamətində komitənin Yaponiyada həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, Azərbaycan musiqisinə göstərdikləri diqqətə görə tamaşaçılara minnətdarlığını bildirib.
Onun sözlərinə görə, ölkələrimiz məsafə baxımından uzaq olsa da, mədəniyyət bizi birləşdirir. Qeyd edib ki, Yaponiyada Azərbaycanın çox istedadlı təmsilçiləri var və pianoçu Gülnarə Səfərova da onlardan biridir. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin gündoğar ölkədə çapını yapon və Azərbaycan klassik musiqi əlaqələrinin daha da genişlənməsində vacib addım adlandıran sədr bu layihənin başlanğıcını qoyan Gülnarə Səfərovaya təşəkkür edib.
Daha sonra pianoçular Gülnarə Səfərovanın və Kosuke Naranın ifasında Azərbaycan bəstəkarları Qara Qarayevin və Xədicə Zeynalovanın, eləcə də N.Metnerin, B.Bartokun və K.Sen-Sansın bəstələri səsləndirilib.
Anşlaqla keçən konsert tamaşaçıların sürəkli alqış sədaları altında başa çatıb. Qeyd edək ki, konsert çərçivəsində Gülnarə Səfərovanın “Tovuz quşunun nəğmələri” kitabının təqdimat mərasimi də keçirilib.
 
Yaponiyada Azərbaycan həqiqətlərinin və ölkəmizin təbliğatı ilə bağlı “Sherg.az”a danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, jurnalist  Fuad Hüseynzadə deyib ki, Yaponiya qədim dövlət olsa da, azərbaycanlıların bir icma olaraq formalaşması, diaspor fəaliyyətinə başlamasının tarixi çox yaxın tariximizi əhatə edir:  

“Əvvəla deyim ki, bu ölkə Azərbaycanın müstəqilliyini cəmi iki ay sonra - 1991-ci ilin dekabrında tanıyıb. 1992-ci ildə isə iki dövlət arasında diplomatik münasibətlərin əsası qoyulub. Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb.  2000-ci ildə Yaponiya Cənubi Qafqazda ilk dəfə Azərbaycanda öz səfirliyini açıb. Bu birincilik Yaponiyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir. O dövrdən etibarən iki ölkə arasında siyasi münasibətlər normal məcrada inkişaf edir. Hökumətlərarası əlaqələr getdikcə güclənir. Nazirlər səviyyəsində qarşılıqlı əlaqələr həyata keçirilir.  "Gündoğar ölkə"də Azərbaycan səfirliyi isə 2005-ci ildə açılıb.
 Diplomatik nümayəndəliyimiz iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində fəaliyyət aparır. Lakin Yaponiyada məskunlaşan azərbaycanlıların sayı bir o qədər  çox olmadığından həmyerlilərimiz sadəcə bir icma kimi formalaşıblar.
Yaponlar özünəməxsus xüsusiyyətləri və mədəniyyətləri olan bir xalq olduğundan Azərbaycan həqiqətlərinin təbliği də məhz onların özünə uyğun formada aparılmalıdır. Eyni zamanda bizim soydaşlarımızın həmin ölkəyə inteqrasiyası məsələsində də bu xüsusiyyətlər nəzərə alınmalıdır”.
 F.Hüseynzadə Yaponiyada Azərbaycanın təbliğinə, Azərbaycan həqiqətlərinin yapon ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycanla bağlı, xüsusən də turizm mövzusunda kitablar çap olunmalıdır: “Bir neçə il əvvəl Yaponiya – Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, konfliktoloq Əlibəy Məmmədovun “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabı çap  olunub. Həmin kitabdan sonra  yaponların Azərbaycanla bağlı fikirlərində müsbətə doğru xeyli dəyişikliklər müşahidə edilməyə başladı.  Yaponiyalı iş adamı Taniquçinin Hirokazunun dəstəyi ilə çap edilən kitab Amazonun iqtisadi əməkdaşlıq  kateqoriyası üzrə  satışlarında 1-ci yerdə qərarlaşıb. Yaponlar kitab, qəzet oxumağa meyilli xalq olduğu üçün  ölkəmizlə bağlı kitabların  çapına əhəmiyyət verilməsinin tərəfdarıyam.
 Yaponiyada təhsil alan və həmin vaxtdan ölkəmizin təbliği ilə məşğul olan Əlibəy Məmmədov Azərbaycan brendlərinin Yaponiyada tanıdılması üçün çox böyük işlər görüb. O, Hokkaydo Universitetində təhsil aldığı müddətdə həmişə ictimai işlərdə fəallığı ilə diqqəti cəlb edib. O, həmçinin kifayət qədər böyük dövlət tədbirlərində və yarışlarda təmsil etdiyi ölkəsi Azərbaycan haqqında müsbət rəy formalaşmasına nail olub.  Yaponiyanın bütün təbəqələrindən, qütblərindən olan insanların arasında Azərbaycan adının tanıdılması, onun haqqında müsbət rəyin formalaşması, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yaradılması yolunda fəaliyyətini daha da artırıb. İştirak etdiyi bütün  seminarlarda Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, incəsənəti, ziyalıları, maddi nemətləri haqqında ətraflı məlumatlar verib. Yaponiyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşdə məhz Əlibəy Məmmədovun da iştirak etməsini  çox istərdim. Əlibəy Məmmədov diaspor olaraq Yaponiyada demək olar ki, sıfırdan Azərbaycanın təbliğatı işinə başlamış və az bir zamanda ölkəmiz adına çox böyük işlər görüb. Əlibəy Məmmədovun diaspor fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənir. Yaponiya məktəbliləri, tələbələri, elm adamları, iş adamları, ziyalıları və siyasi simaları arasında Azərbaycanı təbliğ etmək onun əsas fəaliyyət sahələridir. Bununla da, o, Azərbaycanı və azərbaycançılığı Yaponiyanın bütün təbəqələri arasında təbliğ etməklə, öz-özlüyündə təkbaşına bir diaspor gücüdür desək, yanılmarıq”.
 
Həmkarımızın sözlərinə görə, Əlibəy Məmmədov Azərbaycanın iqtisadi göstəriciləri, biznes mühiti və potensialı haqqında məlumatlar verməklə, qarşılıqlı münasibətlərin inkişafı və qarşılıqlı səfərlərin artmasına öz töhfəsini verib:
 “Təsadüfi deyildir ki, artıq Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları, o cümlədən bal, nar şirələri, şərablar Yaponiya bazarında öz yerini tutmaqdadır. Artıq yüzlərlə yaponiyalı iş adamı, xüsusən də xırda və orta sahibkarlar Azərbaycana səfərlər edir, öz şirkətlərini yaradır, kənd təsərrüfatı, turizm və enerji sisteminə böyük sərmayələr qoymaqdadırlar. Bu işlərin həyata keçirilməsində Əlibəy Məmmədovun rolu danılmazdır. Prinsipial tədqiqatçı, alovlu vətənpərvər, həm də gənc biznesmen kimi  ölkəmizi Yaponiyada ən yüksək səviyyədə təbliğ edir.  Məhz Əlibəyin fəaliyyətindən sonra  Azərbaycanla bağlı Yaponiyada demək olar ki, yeni bir dövr başlayıb, Azərbaycana gələn yaponların sayı dəfələrlə artıb. Hətta  Azərbaycanla məlumatları əldə edən yaponlar ölkəmizdə investisiya qoymağa başladılar. Əlibəy Məmmədov dəfələrlə Azərbaycana səfərə gələn yaponiyalı biznesmenləri müşayiət edib, Azərbaycan və Yaponiya arasında bir çox əhəmiyyətli layihələrin və müqavilələrin imzalanmasında yaxından iştirak edib”.