Azərbaycanda 1990-cı illərdə kənd təsərrüfatı təyinatlı pay torpaqları verildikdən sonra insanların bir qismi bu torpaqlarda ev tikib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu keçirilən iclasında deputat İqbal Məmmədov deyib.
İqbal Məmmədov bildirib ki, artıq uzun müddət keçib və insanları evlərindən də çıxarmaq olmur: “Pay torpaqlarının çoxundan istifadə olunmur. Bu torpaqların təyinatının dəyişdirilməsi üçün bir qanun qəbul olunmalıdır”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, statistik rəqəmlərdə Bakı və Abşeron ərazisində yüz minlərlə hətta, 5 yüz minə yaxın çıxarış ala bilməyən həyət evləri və torpaq sahələri mövcuddur:
''Bu tip əmlaklara çıxarış verilməməsinin səbəbi yaşayış evlərinin təyinatının fərqli olmasıdır. Yəni, kənd təsərrüfatı, əkin-biçin kimi təyinatlı torpaqlar var ki, həmin ərazilərdə böyük kənd və qəsəbələr salınıb. Lakin torpaqlar təyinatlı yaşayış məntəqələri olmadığı üçün həmin əmlaklara çıxarış verilmir. Qanunvericiliyə görə, çıxarış verilməsi üçün həmin ərazilərin təyinatı dəyişərək yaşayış məntəqələrinə çevrilməlidir. Torpaqlarla bağlı uzun illər öncə, kolxozlar, sovxozlar, Bağlar İdarəsi, Rayon İcra hakimiyyətləri, sonda isə bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrıldı. Bu tip problemlər daha çox bələdiyyə torpaqları ilə bağlıdır. Çünki bələdiyyələr 1999-cu ildə yaranıb və 2000-2007-ci ilədək onlara torpaq satma səlahiyyəti verildi. Lakin əksər bələdiyyə torpaqlarının xəritəsi hazırlanıb təqdim edilmədi. Qanunvericilyə görə, pay torpaqlarında ev tikilməsinə icazə verilmir. Buna baxmayaraq, bununla bağlı müəyyən dəyişiklərin olması gözlənilir. Rəsmi məlumatlara əsasən, bu ilin sonu təyinatı dəyişilməsi mümkün olan ərazilərə çıxarışlar veriləcək. Lakin qadağan olunmuş ərazilərdə tikilən fərdi yaşayış evlərinə isə çıxarışların verilməsi gözlənilmir".
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə isə Pay torpaqlarının çoxu kənd təsərrüfatı təyinatlıdır:
"Bu da vətəndaşlara yalnız əkin-biçin üçün verilir. Pay torpaqlarında ev tikilməsi qadağandır. Təbii ki, elə pay torpaqları var ki, kəndin içərisindədir və artıq yaşayış təyinatlı ərazilərə çox yaxındır. Fikrimcə, həmin yerlərin təyinatını dəyişərək yaşayış məntəqələrinə çevirmək mümkündür. Bu da Nazirlər Kabinetinin səlahiyyətindədir. Zaman-zaman rayon icra hakimiyyətlərin, bələdiyyələrin müraciəti əsasında bu kimi məsələlərə baxılır. Əhalinin demoqrafik göstəricilərinə, fərdi yaşayış evlərinə olan tələbatın ödənilməsi üçün bu istiqamətdə addımlar atılır. Yaşayış məntəqə torpaqlarının təyinatını dəyişdirdikdən sonra isə oradakı tikililərin çıxarışla təmin olunması Əmlak Məsələləri Dövlət xidməti tərəfindən həyata keçirilir. Hazırda qanunvericiliyə əsasən, pay torpaqlarında ev tikmək qadağan və qanunsuzdur. Lakin həm rayonlarda, həm də paytaxtda bu kimi torpaqlarda minlərlə ev tikilib. Xüsusən Bakı və Abşeronda həmin tikililərin qanuniləşdirilməsi üçün fərdi yaşayış evlərinin yerləşdiyi ərazilər kənd təsərrüfatı təyinatlı torpaq sahələrindədirsə, təyinatı dəyişdirilə bilər''.
Ekspert vurğulayıb ki, yaxın gələcəkdə sənədi olmayan qanunsuz evlərlə bağlı qərar qəbul olunduqda pay torpaqları məsələsi də öz həllini tapacaq :
"Rayonlarda isə pay torpaqları əkin-biçin üçün yararlıdır. Burada tikintilərin aparılması məqsədəuyğun deyil. Ona görə də indivudual yanaşma şərtdir. Belə ki, kənd təsərrüfatına maneə törədən tikililərin sökülməsi gündəmə gələ bilər. Əgər həmin bölgədə qəsəbələr salınıb və əhali çoxdursa, o zaman torpaqların təyinatı dəyişdirilə bilər"