İraq və Suriyadan gətirilən azərbaycanlılarla işləmək çox çətindir

İdeoloji təsir o qədər oturuşub ki, şəxslərin inteqrasiyası kifayət qədər vaxt apara bilər

“Onlar zorakılığı davranış olaraq görmüş və ideoloji olaraq onun tətbiqini normal qəbul edənlərdir”

  Ombudsman nümayəndələri Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə görüşüb, onları hüquqları ilə bağlı məlumatlandırıb. Bu barədə Ombudsman Aparatının məlumatında bildirilib. Məlumatda qeyd edilir ki, Ombudsman nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar. Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib. Vurğulanıb ki, Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
  Qeyd edək ki, Suriyada düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. Məlumatda deyilir ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək. 2024-cü il, mayın 14-də də bir neçə nəfərin Azərbaycana repatriasiyası həyata keçirilib. Onlar vaxtilə Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfərdir. Rəsmi məlumatlara görə, bugünədək İraq və Suriyadan 411-i uşaq və 38-i qadın olmaqla cəmi 459 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib. “Amerikanın səsi”nin məlumatına görə, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi statistikaya əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir. Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. 2023-cü ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audiomüraciətləri yayılıb.
  Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması, Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilməsi, qayğıyla əhatə olunmaları, reabilitasiya proqramlarına cəlb edilmələri, əlbəttə, müsbətdir. Lakin bu insanlar illərlə, sonsuzadək dövlət sığınacağında qalacaqmı? Onların işlə təminatı, öz yaşayışlarını, güzəranlarını qurmaq üçün imkanlar təqdim olunmalıdır. Bu insanlar daim dövlət müəssisəsində qala bilməz. Onların müstəqil həyatı olmalıdır. Bu məsələ necə həllini tapacaq?
  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, İraq və Suriyadan, ümumiyyətlə, silahlı münaqişə bölgələrindən repatriasiya edilən insanlarla işləmək çox çətin, ağırdır. Onların sonrakı taleyi barədə də dəqiq fikir bildirmək, mülahizə yürütmək də çətindir. Bəlli olan məsələlərsə var:
"Müsbət haldır ki, ombudsman repatriantlarla zaman-zaman görüşərək onların sosial-psixoloji vəziyyətini qiymətləndirir. Lakin bu hədəf qrupu xüsusi həssas qrupdur. Onlar kifayət qədər ideoloji təsirə məruz qalaraq öz ölkələrini tərk ediblər. Getdikləri ölkədəki mühit həmin ideoloji düşüncəni daha da gərginləşdirib, genişləndirib. Qeyd edilən qrupların əksəriyyəti radikal dini kəsimin təsirinin altında olmaqla, eyni zamanda onların ideologiyasını mənimsəyərək öz həyat tərzinə çevirib. Digər qruplara göstərilən xidmət paketi bu qruplar üçün kifayət deyil. Onlar üçün uzunmüddətli və fərdi reabilitasiya proqramlarının tətbiqinə ehtiyac var. Çünki bu hədəf qrupu xüsusi həssas qrupdur. Əlbəttə ki, hədəf qrupunun reinteqrasiyası önəmlidir. Lakin bu qruplarla bağlı məsələ fərqlidir. Şəxslərin həyatı ilə bağlı risklərin qiymətləndirilməsi qaydası var. Məsələn, məişət zorakılığı qurbanları, yaxid insan alveri qurbanlarının həyatı ilə bağlı risklərin qiymətləndirilməsi qaydası bu şəxslərə şamil edilə bilməz. Onların həyatı üçün risklər deyil, riskli davranışın vəziyyətinin qiymətləndirilməsinə böyük ehtiyac var. Bu qrup xüsusi spesifik qrupdur. Məişət zorakılığı və insan alveri ilə bağlı qanunda sosial xidmətin göstərilməsi müddəti 3 ay nəzərdə tutulur. Əlahiddə hallarda təhlükə dəf edilmirsə, mərkəzi qurum tərəfindən müddət uzadıla bilər. İraq, Suriyadan repatriasiya edilənlərlə bağlı isə vəziyyət tamamilə fərqlidir. Bu şəxslərin real MƏN-ini yenidən qurmaq lazımdır. Ağır işdir, çox ağır".
  M.Zeynalova bildirdi ki, qeyd edilən hədəf qrupu ilə reabilitasiya proqramları üçün 3-6 aylıq müddət kifayət etməyəcək:
"İdeoloji təsir o qədər oturuşub ki, şəxslərin inteqrasiyası kifayət qədər vaxt apara bilər. Onlar zorakılığı davranış olaraq görmüş və ideoloji olaraq onun tətbiqini normal qəbul edənlərdir. Bu baxımdan ƏSSM tərəfindən aparılan bu reabilitasiya proqramının müddətinin uzadılması məqsəduyğundur. Bu proses 1ildən 3 ilə kimi davam edə bilər".