İşin mahiyyətini bilməyənlər danışır, əsaslı bir iş də ortaya qoya bilmirlər
“Heç olmasa, orqan transplantasiyası təcrübəsi olan ölkələrdən nümunə götürülməlidir. Qardaş Türkiyədə orqan nəqli ilə bağlı “Yol xəritəsi” var. Bunu öyrənsinlər, necə tətbiq edildiyinə baxsınlar”
Təkcə Azərbaycan xalqının deyil, türk dünyasının sevimlisinə çevrilmiş millət vəkili, mərhum Qənirə Paşayeva sağ ikən orqanlarının bağışlanmasını vəsiyyət etmişdi. Millət vəkili beyin ölümü keçirərsə və orqanları yararlı olarsa, orqanlarını ehtiyac olan xəstələrə köçürmək üçün orqan bağışlaması barədə müraciət edərək buna könüllü razılığını bildirmişdi. Və “bu, mənim dünyaya verə biləcəyim ən son fayda ola bilər”, qeyd etmişdi. Amma arzusu reallaşmadı. Qənirə xanımın vəfatında sonra açıqlama verən deputat həmkarı, ürək-damar cərrahı Rəşad Mahmudov məsələyə aydınlıq gətirərək belə qeyd etdi: “Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür. Çünki orqanların istifadəsi üçün sadəcə beynin zədələnməsi, digər orqanlarınsa sağlam olması lazımdır. Qənirə xanımın durumunda isə proses tam tərsinə idi: bütün orqanların zədələnməsi baş vermişdi və zaman içərisində multiorqan çatışmazlığı nəticəsində həyatını itirdi. Bu məqamda öz razılığı olsa belə, orqanlarından istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür”.
Orqan transplantasiyası haqqında danışılanda ilk yada düşən məhz millət vəkili Qənirə Paşayevanın mövqeyi olur. İndiyədək ölkəmizdə kiminsə sağ ikən orqanlarının bağışlanmasını vəsiyyət etməsi örnəyinə rast gəlinməyib. Qənirə Paşayeva humanist, xeyirxah bir nümunə ortaya qoydu. Reallaşmasa belə, bu istək bəşəri dəyər daşıyır. Ölümündən sonra başqalarına gərək olacaq orqanlarını həyatda ikən vəsiyyət edərək bağışlamağa hər kəs ürək etmir. Doğmasına, ailə üzvünə orqanını bağışlamağa hazır olan və bunu edənlərsə az deyil. Ölkəmizdə orqan bağışlanması son illərdə populyarlaşmağa başlayıb. Bu günlərdə Hacıqabul sakinləri oğul-ana arasında qara ciyər transplantasiyası gerçəkləşib. TƏBİB-in Mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, Hacıqabul rayonunun sakini, 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası, 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib. Qaraciyər yetməzliyi, serroz diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında daimi həkim nəzarətində olan və müalicə alan T.Qaniyevanın bir müddət əvvəl səhhəti daha da pisləşib və ona qaraciyər transplantasiyası əməliyyatı tövsiyə olunub. Yekun qərara əsasən, 06.05.2024-cü ildə icbari tibbi sığorta hesabına Bakıda əməliyyat keçirən anaya öz oğlu donor olub və əməliyyat uğurla başa çatıb. Əməliyyatdan sonra hər iki şəxsin Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir. Hazırda ana və oğlunun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Orqan transplantasiyası ölkəmizdə son illərdə populyarlaşmağa başlasa da, dünyada örnəkləri kifayət qədərdir. Qardaş Türkiyədə də bu sahə inkişaf edib. Qardaş ölkədə orqan transplantasiyası əməliyyatlarının sayı da çoxdur. Ötən illərdə belə əməliyyatlara xeyli nümunə göstərmək mümkündür. Beyin qanaması keçirmiş polis məmuru Sami Şahinin beyin ölümü gerçəkləşdikdən sonra ailəsi tərəfindən orqanlarının bağışlanması qərarına gəlinib və onun qolları 9 yaşındaykən dinamit partlaması nəticəsində əllərini bilək hissədən itirən, hazırda 34 yaşında olan Yavuz Ayılmazdıra nəql edilib. Bu əməliyyat 14 saat davam edib. Xəstənin reanimasiya şöbəsindəki müalicəsi isə 60 saat sürüb. Ədirnədə isə elektrik vuran 14 Azat Yapşıklı 12 gün sonra beyin ölümü keçirib. Ailə üzvləri Azatın orqanlarını bağışlamaq istədiklərini bildiriblər. Və onun böyrəkləri, qara ciyəri və bağırsağı müxtəlif xəstəxanalarda orqan transplantasiyası gözləyən xəstələrə köçürülüb. Belə örnəklər çoxdur. Müsbət hal budur ki, ölkəmizdə də orqan transplantasiyası sahəsində ənənələr dəyişir, insanlarımız orqan donoru olmağa razılaşırlar.
Müsbət haldan biri də budur ki, orqan transplantasiyası artıq icbari tibbi sığorta zərfinə daxil edilib, bununla da ehtiyaclı insanların əməliyyat olunması xeyli asanlaşıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfinin yenilənməsi ilə tibbi xidmət sayı 3 315-ə çatdırılıb. Sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilir ki, orqan və toxumaların köçürülməsi zamanı iki subyekt əsas götürülür: Donor və resipiyent. Donor– öz orqan və ya toxumalarını xəstə şəxsə köçürmək üçün könüllü olaraq verən şəxsdir. Resipiyent – müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən (qəbul edən) şəxs hesab edilir. Transplantasiya üçün bir canlı donorun da əməliyyata hazırlanması və əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir. Orqan transplantasiyasına ehtiyacı olan vətəndaş sənədləri ilə bir yerdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə birbaşa müraciət etməlidir. Koordinasiya Mərkəzi Bakı Sağlamlıq Mərkəzində yerləşir. Koordinasiya Mərkəzinin nümayəndəsi pasiyentin (əvvəlki tibbi müayinə nəticələrini) sənədləri ilə tanış olur. Bu sənədlər klinik, laborator və instrumental müayinələrin nəticələri və müvafiq ixtisas üzrə həkim-mütəxəssislərin rəyləri daxil olmaqla, müalicə aldığı tibb müəssisəsindəki xəstəlik tarixindən çıxarış (epikriz) ola bilər. Resipiyentə tibbi baxış keçirilərkən, əlavə müayinələrin aparılması barədə qərar qəbul edilə bilər. 18 yaşına çatmış birinci dərəcəli qohumu donor olmağa razıdırsa, pasiyent müvafiq lisenziyası olan tibb müəssisələrindən birinə yönləndirilir. Həmin xəstəxanada transplantasiya üzrə Komissiya üzvləri əməliyyatın zəruriliyi barədə rəy verir. Bu qərar Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə göndərilir. Bundan sonra Mərkəz transplantasiya əməliyyatının hazırlıq prosesinə başlamaq üçün icazə verir. Müvafiq tibbi xidmət icbari tibbi sığorta təminatına daxildirsə vətəndaşlara ödənişsiz tibbi yardım göstəriləcək.
Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında qeyd etdi ki, orqan transplantasiyasında ən vacib məsələlərdən biri donor bankının yaradılmasıdır:
" Bu, çox çətin işdir. Azərbaycanda yalnız doğmalar, ailə üzvləri, yaxın qohumların donorluğuna icazə verilir. Və bunun da cinayətkarlığın, orqan oğurluğunun, orqan satışının qarşısınınm alınması məqsədilə edildiyi bildirilir. Qohumların, ailə üzvlərinin günahı nədir? Niyə yalnız onlar donor kimi çıxış etməlidir? Normal halda orqan transplantasiyası üçün mütləq Donor Bankı yaradılmalıdır. Bunun üçün sağlam şəxslərdən, hansı ki kliniki ölüm, beyin ölümü keçirir, məhz tibbi ekspertizanın rəyi və qərarı ilə, ailə üzvlərinin də razılığı alındıqdan sonra sağlam orqanlar götürülməli və orqan köçürülməsi üçün növbə gözləyən xəstələrə köçürülməlidir. Hazırda bizdə bu proses necə həyata keçirilir? Vəfat etmiş şəxsin doğmaları meyitin tibbi müayinəsinə, ölümün nədən baş verdiyinin araşdırılması üçün cəsədin müayinə edilməsinə heç razılıq vermirlər. Burada həm də psixoloji məqamlar var. İşin mahiyyətini bilməyənlər danışır, əsaslı bir iş də ortaya qoya bilmirlər. Heç olmasa, orqan transplantasiyası təcrübəsi olan ölkələrdən nümunə götürülməlidir. Qardaş Türkiyədə orqan nəqli ilə bağlı “Yol xəritəsi” var. Bunu öyrənsinlər, necə tətbiq edildiyinə baxsınlar. Orqan transplantasiyası ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var. Cəmiyyəti buna təşviq etmək, orqanların bağışlanmasının humanist, xeyirxah, insanlıq üçün faydalı olduğunu izah etmək, müsbət nümunələri misal çəkməklə insanları inandırmaq lazımdır".