Valideynlərin əksəriyyəti mobil telefonlarla uşaqlarını bədbəxt edirlər
“Bu, çox pis, düzəldilməsi mümkün olmayacaq vəziyyət yaradacaq, sonra başlarına, dizlərinə döyəcəklər, gec olacaq”
“Uşağa telefon verməyin, fikir verirsizsə, oradakı personajları təkrar edirlər. Davranışı, hərəkətləri, jestləri, qışqırığı və s. Ona görə çox əsəbi və aqressivdirlər”.
Bu sözləri “Sherg.az"a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Həkimin sözlərinə görə, valideynlər uşaqlara qadağa qoya bilmədiklərini, smartfonlardan uzaq tuta bilmədiklərini deyirlər:
“Lakin mümkündür! Smart telefonları yığışdırın, özünüz də evdə düyməli telefondan istifadə edin. Bir azdan unudacaq, əsəbi də düzələcək! Valideynlər isə telefonu dəyişmək istəmir, uşağa kimyəvi sakitləşdiricilər tələb edirlər”.
Uşaqların telefon asılılığı ilə bağlı narahatlıqlarını bölüşən pediatr deyib ki, telefon, internet asılılığı uşaqların, yeniyetmələrin gələcək sağlam həyatına böyük təhdiddir: “Məktəblilərin çoxu eynək taxır. Görmə zəifliyi yaranır uşaqlarda. Bu da mobil telefona, planşetlərə çox baxmağın nəticəsidir. Onsuz da internet əsridir. Uşaqlar məktəbdə internetlə, kompüter bilikləri ilə məşğuldur. Dərsləri kitabdan yox, internetdən öyrənirlər. Valideynlər bütün günü vatsap qrupunda yazışır. Müəllimlərlə vatsap vasitəsilə əlaqə saxlayırlar. Başa düşürük, zaman yetmir. Yaxşı, bəs evdə mobil telefondan asılı qalmaq nə üçündür? Evdə bunun müddətini azaltmaq olar axı. Məktəbdən qayıdan şagirdə nəqliyyatda niyə smartfon uzadılmalıdır? Onsuz da bu uşaq yorulub məktəbdə. Bir də üstəlik ana, nənə uşağa mobil telefon verir ki, al, başını qat! Belə olmaz. Bu, çox pis, düzəldilməsi mümkün olmayacaq vəziyyət yaradacaq, sonra başlarına, dizlərinə döyəcəklər, gec olacaq. Böyük adamdılar, başa düşmürlər ki, bütün günü mobil telefona baxmaq, hər nə var izləmək, orqanizmi uçuruma aparır. Cavan uşaqlar görürəm, ikiqat olub telefonda nəyəsə baxırlar. Yekə kişilər telefonda “iqra” oynayır. Dəhşətdi bu. İnsanlar özləri üçün məşğuliyyət tapa bilmirlər. Kitab oxumurlar, sakit, həzin mahnılara qulaq asmırlar. Beyin dincəlmir, əsəblər sakitləşmir. Sonra da deyirik ki, niyə cəmiyyətdə qəddarlıq, aqressiya artıb. Artacaq, əlbəttə.
V.Qarayevin fikrincə, uşaq üçün alternativlər tapmaq lazımdı yaş həddinə uyğun olaraq: “Tapan analar var, şeir, nağıl, rəsm, musiqi və s. ilə məşğul edirlər uşaqlarını. Amma əksər analar özləri telefona yapışdığına görə uşaq da telefonda “oturur”. Bir tərəfdən təhsil sistemini yıxıb-sürüyürük ki, məktəbli çantaları ağırdır, uşaqların beli, onurğa sütunu əyilir, bir tərəfdən də valideyn mobil telefonu verir uşağın əlinə, bədbəxt edir onu. Gözləri görmür uşaqların, belləri əyilir, beyinləri yüklənir. Qan dövranı buna görə pozulur. Uşaq yeməyə meyilli olmur, iştahı “qaçır”. Normal qidalanmır, normal da böyümür. Başa düşürük, valideyn deyir, övladından narahatdır, bilməlidir məktəbdən evə gəlib, haradadır. Bunu anladıq. Bəs avtobusda, metroda niyə mobil telefonu verirlər uşağa, evdə niyə uşağı ondan ayıra bimirlər? Cəhd etmirlər. Bəzi valideynlər üçün belə daha rahatdır, uşaq məşğuldur, o da özüylə məşğuldur”.