İnsanlar da bacarmayanda qəddarlığa, vəhşiliyə əl atırlar
Problemi həll etməyin ən doğru yolu onları peyvəndləmək və axtalamaqdır
Küçə itləri, sahibsiz pişiklərlə bağlı sosial şəbəkələrdə paylaşımlara tez-tez rast gəlinir. Sahibsiz heyvanlara mərhəmətli davranışları əks etdirən videolar da paylaşılır, onların “it zülmü”nə insanların necə işgəncə əlavə etdyini əks etdirən videolar da. Biz insanların gətirdiyi arqument - əsas budur ki, küçə itləri təhlükəlidir, insanlara cumur, xəsarət yetirir, didib-parçalayırlar. Bəli, belə hallar var. Paytaxtda, regionlarda belə faciəli hadisələr yaşanıb, quduzluğa tutularaq vəfat edən körpələr, azyaşlılar olub. Ciddi problem halına gələn küçə itləri məsələsində mövqelər, fikirlər, yanaşmalar hər zaman fərqlidir. Bəziləri küçə itlərinin insanlara hücum etməsində əlaqədar qurumları, sahibsiz itlərlə mübarizə aparmalı olan idarə və təşkilatları günahlandırır, bəziləri isə küçə itlərini məhv etməklə problemin birdəfəlik həllinə tərəfdar olduqlarını bildirirlər. Bu məsələdə dünyanın müxtəlif ölkələri müxtəlif üsullardan istifadə edir. Amma bizdəki kimi iti ipdən asıb öldürən, maşına bağlayıb küçə boyu sürüyənlərə rast gəlinmir. Bu günlərdə sosial şəbəkələrdə yayılan video qan donduran qisimdəndir. Videoda görünür ki, bir neçə nəfər bir itin qəniminə çevrilib, onu yük maşınına bağlayaraq sürüyürlər. İt qanlar içindədir. Bir qadınsa bu mərhəmətsiz insanları durdurmağa çalışır, bir tərəfdən telefonla çəkiliş apararaq bu vəhşiliyi kameranın yaddaşına köçürür. Heyvana bu dərəcədə “insani” münasibət, həqiqətən də normal insanları dəhşətə gətirir. Yeri gəlmişkən, Berlində polisdə xidmətini başa vurmuş yaşlı itlərə qidalanma və sağlamlıq xərclərinin ödənilməsi üçün 1400 avro pensiya ödənilir. Bunun üçün həmin itin 8 il iş stajı olmalıdır. Əlbəttə, bu xəbər 8 il nədir, 25-30, hətta 40 il işləyən şəxslərə nə qədər pensiya ödəndiyi məsələsini də gündəmə gətirə bilər, amma bunu sonraya saxlayırıq. Hələlik mövzu, Berlində 1400 avro pensiya alan, bizdə isə maşının arxasına bağlanıb yol boyu süründürülən itlərdir. Deyilə bilər ki o itlər, konkret vəzifə daşıyıb. Olsun. Bu o deməkdir ki, “polis” olmayan itlər mütləq işgəncəyə məruz qalmalıdır? Küçə itləri, sahibsiz itlərlə mübarizə belə olmamalıdır, hər halda.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Sherg.az"a açıqlamasında sahibsiz heyvanlarla mübarizədə sivil metodların olduğunu dedi:
- Sahibsiz heyvanlarla mübarizədə dünya praktikası var. Heç kim istəməz ki, küçə itləri kiməsə xəsarət yetirsin, uşaqları parçalasın, uşaqlar, insanlar quduzluğa yoluxsun. Sahibsiz itlərlə, pişiklərlə mübarizə metodları var. Heyvanlar konkret bir qurum tərəfindən toplanmalı, onlara quduzluğa, digər infeksion xəstəliklərə qarşı peyvənd vurulmalı, axtalanmalıdırlar və təbiətə buraxılmalıdırlar. Belədə küçə itləri ətrafa, insanlara zərərsiz olacaq. İnfeksiya yaymayacaqlar, xəstəlik yaymayacaqlar, artıb çoxalmayacaqlar. Populyasiya prosesi getməyəcək. Əksinə, getdikcə azalacaqlar. Küçə itlərinin qidalanması təmin edilməlidir. Heyvan o zaman aqressiv olur, nə zaman ki acdır. Təəssüf ki, bizdə sahibsiz itlərlə mübarizəni düzgün anlamırlar. Sahibsiz heyvanları işgəncə ilə tutub öldürmək, məhv etmək olmaz. Onların yaxalanması da müəyyən üsulla həyata keçirilməlidir. Keyləşdirici, yatızdıran iynələr vurulmalıdır, heyvan təhlükəsiz olduqda toplanmalı və xüsusi yerlərə aparılmalıdır. Xüsusi məntəqədə onları müayinə edirlər, peyvənd vurulur, lazım gəldikdə axtalanırlar. Sahibsiz itləri, pişikləri sığınacaqlarda saxlayıb bəsləmək çox çətindir. Amma sahibsiz itlər axtalansalar, getdikcə sayları azalacaq, problem də yavaş-yavaş həllini tapacaq. Başqa bir problem nəzarətsiz ərazilərdir. İt dişləmələri ən çox Bakıətrafı qəsəbələrdə olur. Masazır, Xırdalan, Qobu qəsəbəsində və başqa kənar ərazilərdə. Çünki orada nəzarət yoxdur, zibilliklər çoxdur, sahibsiz itlər belə yerlərdə daldalanır. Uşaqları da bəzən valideynlər nəzarətsiz qoyur. Uşaqlar küşə itlərinin toplaşdığı ərazilərə yaxın gedir, itlər də ac olduğu üçün aqressiv davranır və hücum edirlər. Küçə itləri problemini həll etməyin ən doğru yolu onları peyvəndləmək və axtalamaqdır. Bir müddət əvvəl küçələrdə qulağında birka olan itlərə tez-tez rast gəlinirdi. Son vaxtlar azalıb, yoxdur. Bu işlə ciddi şəkildə məşğul olmalıdırlar.
L.Əlizadə qeyd etdi ki, Bakıda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi fəaliyyət göstərir. Kimin küçə itləri ilə bağlı narahatlığı varsa, ora müraciət edə bilər: - İti ağaca bağlayıb işgəncə ilə öldürməkdənsə, müraciət etsinlər bu mərkəzə, gəlib iti aparsınlar. Ola bilsin, çox adam bu mərkəz barədə məlumatsızdır. Hesab edirəm ki, mərkəz özü məlumatlandırma işi aparmalıdır. Vətəndaşlara bildirilməlidir ki, problem varsa, onlara müraciət etsinlər. Biz heyvanlarla insan kimi davranmalıyıq. Heyvanlar insanlardan mərhəmət gördükdə aqressiv olmurlar.