Taksi sürücülərinin imtahana çəkilməsi mənasız və süründürməçilikdir -SOSİOLOQ

Belə təcrübə dünyada yoxdur

“Vətəndaşları mənasız yerə, ehtiyac olmadan artıq vəsait xərcləməyə məcbur etmək, vaxtlarını almaqdır.  İmtahanda məsələyə birbaşa aidiyyəti olmayan əhəmiyyətsiz suallar qoyulur”

  “Abituriyent” jurnalının növbəti sayı “sürücülük imtahanının nəticələri”nə həsr olunsa, heç təəccüblənmərik.  Çünki Dövlət İmtahan Mərkəzi indi də sürücüləri imtahan edəcək.  Avqustun 25-də ilk  “sürücü imtahanı” olacaq. DİM daha hansı imtahanlar keçirmir ki?!.  Az qalırlar, evlənən cütlükləri, doğuşa hazırlaşan qadınları da imtahan etsinlər. Qısası, bütün ölkə boyu imtahan “bumu” yaşanır. İndi də sürücülər keçib DİM-in “əlinə”. Necə deyərlər, saçı-saqqalı sükan arxasında ağarmış (yaşa görə yox ha, stressdən, əsəbdən, gərginlikdən) sürücüyə fəlsəfədən, Aristoteldən, Sokratdan sual verəcəklər, deyəsən. Belə deyilsə, bəs nə soruşacaqlar; yol hərəkəti qaydalarını? Biz indiyədək elə bilirdik, sürücülük vəsiqəsi almaq üçün kurslara gedənlərə yol hərəkəti, dayanma-durma qaydaları öyrədilir. Belə çıxır ki, yox, sürücülük kursları ancaq vəsiqə əldə etmək üçünmüş, orada avtomobil sürməyi, qaydaları öyrətmirlər.

“Taksişnik” 1 saata 20 test tapşırığı həll etməlidir
  Rəsmi məlumata görə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir. DİM  isə Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə xüsusi hazırlığın nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, sürücülərə müvafiq sənədin verilməsini təmin edəcək. Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək. İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.  

Taksi sürücüsü hər şeyi bilməlidir! (?)
  Məlumata görə, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub. İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib. İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
  Xüsusi hazırlığın proqramı ilə dim.gov.az internet saytında tanış olmaq olar. Aşağıda verilən link vasitəsilə tanış olmaq olar. Saytda “taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə proqram verilib. Proqrama nəzər salanda, yəqin edirsən ki, hazırlıq kurslarını bitirmiş taksi sürücüləri dövlət qulluğunda işə qəbul olunmaq üçün hazır mütəxəssislərdir. Onlara hər şey öyrədilib; yol hərəkəti qaydaları, Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” Qanun, ekstremal şəraitdə (yəni tıxaclar zamanı - M.R.) avtomobilin idarəedilməsi, münaqişəli vəziyyətin, stressin idarə edilməsi, və sair, və sair... hətta empatiya da!  Vallah, taksi sürücülərinə o hazırlıq kurslarında empatiya barədə məruzə oxunacağını bilsəydik, biz də gedərdik, empati nədir, öyrənərdik.    
“Bunun adı süründürməçilikdir” 
 
 Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında taksi sürücülərinin DİM tərəfindən imtahan edilməsini mənasız platforma adlandırdı: 

- Bu, süründürməçilikdir. Vətəndaşları mənasız yerə, ehtiyac olmadan artıq vəsait xərcləməyə məcbur etmək, vaxtlarını almaqdır.  İmtahanda məsələyə birbaşa aidiyyəti olmayan əhəmiyyətsiz suallar qoyulur. Bunlar sürücüyə lazım deyil. Yaxşı, taksi sürücüləri əlavə hazırlıq kurslarına cəlb ediləcəksə, o zaman peşə təhsili kursları nə üçündür, sürücülük vəsiqəsi almağın anlamı nədir? Taksi sürücüsünə nə lazımdır; mükəmməl şəkildə yol hərəkəti qaydalarını bilmək. Sürücülük vəsiqəsi almış şəxs bunları bilməlidir. Sürücüyə etik davranış qaydalarını, sərnişinlərlə düzgün rəftarı, hüquq və vəzifələrini işəgötürən şirkət öyrətməli, məlumat verməlidir.  Hər hansı şirkətdə işə düzəlmək istəyən sürücü daxili qaydaları tənzimləyən normativ hüquqi sənədlərlə tanış olur, müqavilə bağlanır və işə başlayır. Qayda belə olmalıdır. Yoxsa ki taksi sürücüsünü bu qədər incitmək, kurslara cəlb etmək, sertifikat almağa məcbur etmək, ardınca da abituriyent kimi imtahana cəlb etmək, mən buna ad qoya bilmirəm. Adi taksi sürücüsünə qarşı bu qədər basqının arxasında nə dayanır? Düşünəndə insan dəhşətə gəlir. Nə ehtiyac var bütün bunlara?  DİM buraxılış imtahanları keçirir, dövlət qulluğuna imtahan keçirir, MİQ imtahanları, attestasiya imtahanları keçirir, çox gözəl. Amma üstəlik, bir də nəqliyyat vasitəsini idarə etmək üçün, evinə 1-2 manat çörəkpulu aparmaq üçün taksi xidməti göstərən şəxsi qəlibə salmaq, imtahana cəlb etmək, bu, artıq fiaskodur! Nə istəyirlər, taksi sürücülərindən?!. Hesab edirəm ki, bu cür idarəetmə metodlarından istifadə etmək sürücülərə qarşı basqıdır. O zaman DİM paralel sürücülük imtahanı da keçirsin. Sürücülük vəsiqələrini DİM versin. Çaşdırıcı suallarla, taksi sürücüsünün məktəbdə öyrənmədiyi test tapşırıqları ilə qazanc yolunu kəsmək, sivil cəmiyyətə yaraşmayan metoddur. 

  İ.Hüseynli bildirdi ki, yalnız taksi xidməti göstərmək üçün imtahan vermək təcrübəsi dünyada yoxdur: 
- Qayda belədir ki, insanlar müvafiq peşə təhsili mərkəzlərində təhsil alır, sertifikat verilir onlara, sonra hər hansı şirkətlə müqavilə bağlayıb, o şirkətin daxili əmək qaydalarına uyğun işləməyə başlayırlar.  Əlbəttə, təkcə taksi sürücüləri deyil, hamı öz hüquqlarını və qarşısındakı şəxsin hüquqlarını bilməlidir. Amma bunu imtahan verərək öyrənmirlər, cəmiyyətdə ümumi maarifləndirmə işi aparılır, vətəndaş da hüquqlarını bilir. Guya bizim taksi sürücüləri Vergi Məcəlləsini əzbərlətməklə, yaxud da “Sosial sığorta haqqında” qanunu bilməklə sosial hüquqlarını qorumuş olacaqlar. Vətəndaşın hüquqlarını qorumaq ədliyyə sisteminin vəzifəsidir.