Qazi adı alver predmeti olmamalıdır

Ən böyük şərəfsizlikdir

“Həqiqi qazilər heç vaxt belə davranmır. Dəfələrlə olub ki, kimsə qazi kimi təqdim olunub, ağır vəziyyətdə yaşadığı, diləndiyi yazılıb, gedib araşdırmışıq, məlum olub ki, heç müharibə iştirakçısı deyil”

  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Sadıqov Hüseyn Əlağa oğluna dair sosial şəbəkədə paylaşılan video ilə bağlı açıqlama verib. Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov qeyd edib ki, həmin şəxs müharibə iştirakçısı deyil. Həmin şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd edilənlər də yanlışdır: “Hərbi-Həkim Komissiyasının Sadıqov Hüseyn Əlağa oğlu ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub. Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb. Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir”.
  Qeyd edək ki, oxşar məzmunlu xəbərlərə sosial şəbəkələrdə vaxtaşırı rast gəlinir. Müharibə iştirakçılarının, veteranların, qazilərin hüquqlarının  pozulmasına, müavinətlərinin kəsilməsinə dair dəqiqləşdirilməmiş məlumatlar yayılır. Bu isə, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası zamanı igidlik göstərmiş, yaralanaraq əlil, qazi olmuş şəxslərin nüfuzuna da xələl gətirir, bu kateqoriyadan olanların hökumətdən incik salınmasına səbəb olur. Problem varsa, həll edilməlidir, bu, birmənalıdır. Lakin dəqiqləşdirilməmiş məlumatların yayılması lazımsız gərginlik yaradır. 
Məsələ ilə bağlı “Sherg.az"a danışan Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev qeyd etdi ki, müharibə dövrünün iştirakçıları ilə həqiqi hərbi xidmət dövründə yaralanmış, xəsarət almış şəxsləri çox zaman səhv salırlar: 

- Müharibə dövrü başqadır, atəşkəs dövrü, həqiqi hərbi xidmət dövrü isə başqadır. Bunları fərqləndirmək lazımdır. Bir var, şəxs müharibə dövründə döyüşlərdə iştirak edir və yaralanır, müxtəlif xəsarətlər alır, hansısa əzalarını itirir, bu şəxslər müharibə əlili – qazi hesab edilir. Bir də var, atəşkəs dövründə hər hansı döyüş tapşırığını yerinə yetirərkən yaralanıb əlil olanlar, həqiqi hərbi xidmət dövründə təlimlər zamanı  müəyyən xəsarət alıb əlil olanlar. Müharibə veteranları tamam başqa kateqoriyaya aiddir. Müavinət və pensiyalar da bu kateqoriyalara görə təyin edilir. Şəxsin statusu da bununla müəyyənləşir. Yəni müharibənin aktiv fazasında yaralanıb əlil – qazi olmaqla, həqiqi hərbi xidmət dövründə xəsarət alıb əlil olmaq fərqlidir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də adıçəkilən şəxslə bağlı məlumat verib ki, o, hərbi xidmət dövründə orqanizmin müəyyən funksiyalarını itirib, buna görə də ona əlillik təyinatı aparılıb.  
  Birlik sədri qeyd etdi ki, sosial şəbəkələrdə qazilərlə bağlı saxta xəbərlərin yayılması təəssüf doğurur: 
- Son zamanlar belə hallara rast gəlinir. Bu, bizi çox məyus edir. Bəziləri əyninə hərbi forma geyinib özünü “qazi” kimi təqdim edir,  aldığı xəsarətləri açıb göstərir, əlilliyin düzgün təyin edilmədiyindən şikayətlənirlər. Qazi adıyla alver etmək, qazi adından sui-istifadə etmək qazi şərəfinə ən böyük ləkədir. Həqiqi qazilər heç vaxt belə davranmır. Dəfələrlə olub ki, kimsə qazi kimi təqdim olunub, ağır vəziyyətdə yaşadığı, diləndiyi yazılıb, gedib araşdırmışıq, məlum olub ki, heç müharibə iştirakçısı deyil. Həqiqi hərbi xidmət dövründə yaralanmaq da qazilik deyil. Qazi adı döyüşdə qazanılır. Biz, Birinci Qarabağ müharibəsinin döyüşçülərinin çoxunun o zaman heç hərbi forması da yox idi. Amma döyüşürdük, Vətənimizi müdafiə edirdik. İndi bəzilərinin avtomobilinin arxa, ön şüşəsinə “qazi” yazdığını, özünü reklam etdiyini görəndə, çox təsirlənirik. Qazi adını gözə girmək üçün qazanmırlar,  qazi adı da alver predmeti olmamalıdır.