İşin "watsapp" qrupuna mesaj gəldi: "Deyirlər, Nəsiman Yaqublu yol qəzası keçirib. Kim dəqiqləşdirə bilər?". Bu, bəlkə də, ən çətin, ən ağır dilemmalarımdan idi. Qorxurdum. Xəbəri almaqdan da, verməkdən də. Çox keçmədən Nəsiman Yaqublunun yol qəzasında həlak olması ilə bağlı rəsmi xəbərlər yayıldı.
Görkəmli tarixçi, Azərbaycan Xalq Cümhuriyyətinin və onun banisi Məhəmməd Əmin Rəsulzadənin tədqiqatçısı, prefessor Nəsiman Yaqublu mənim də müəllimim olub. Sərt adam kimi görünürdü. Əslində isə göründüyü kimi deyildi. Sadəcə nizam- intizamı sevirdi. Hər dəfə dərsə özü ilə birlikdə müxtəlif kitablar, sənədlər gətirirdi. Dərsi mümkün qədər maraqlı etməyə çalışırdı.
Auditoriyanı idarəetməyə yaxşı bacarırdı. Hərdən bir gərgin mühiti yumşaltmaq üçün zarafat edər və xəfif təbəssümlə “Arada bu da lazımdır da” deyərdi.
Mən məzun olub, fakültəmizdə müəllim kimi fəaliyyətə başlayandan sonra da dəstəyini əsirgəmədi. Keçən il onun dərsinin seminarını aparırdım. Bir dəfə məni yanına çəkib dedi: "Qardaş, sən hələ gəncsən. Çətinliyin ola bilər. Nə lazım olsa de, mən həll edəcəm". Söhbətin kollekviumlardan, qiymətləndirmələrdən getdiyini yaxşı bilirdim.
Nəsiman müəllim şişirtmə qiymət yazmağı heç vaxt sevmirdi. Bunu mənə də tövsiyə edirdi. Deyirdi ki, yalnız obyektivliklə tələbəyə nə isə öyrədə bilərsən.
Onu ölkədə tanımayan çox az adam olar. Çünki Nəsiman müəllim əsl cümhuriyyət sevdalısı idi. Tanımayanlar üçün isə deyim ki, Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. 1980-1983-cü illərdə BDU-nun Jurnalistika fakültəsində, 1983-1986-cı illərdə Sankt Peterburq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2001-ci ildə “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan milli istiqlal mübarizəsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2008-ci ildən Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi idi.
Professor Nəsiman Yaqublunun tədqiqat sahəsi Azərbaycan mətbuat tarixi olub.
Tarix elmləri doktoru, professor Nəsiman Qara oğlu Yaqublu 22 fevral 1962-ci ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Zəngilanda alıb, 1982-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1983-1986-cı illərdə təhsilini Sankt-Peterburq Universitetində başa vuraraq Bakıya qayıdıb, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Elə həmin ildən də Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Milli mətbuat tarixi kafedrasında pedaqoji fəaliyyətə başlayıb, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. N.Yaqublunun bütün elmi fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mütaliə istiqamətlərndən tədqiqinə həsr edib. 2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti və onun fəal qurucuları ilə bağlı 30-dan çox monoqrafiyanın müəllifidir. O, cümhuriyyət və Azərbaycanda milli azadlıq ideyaları ilə bğlı tədqiqatları ilə Türkiyə, Rusiya, Polşa və s. kimi ölkələrdə keçirilən müxtəlif elmi konfranslardakı çıxışları ilə vətəninə elmi xidmət göstərib.
Nəsiman Yaqublu Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Nəsiman Yaqublu ömrünün böyük bir hissəsini həsr etdiyi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində öz biliyi, elmi və praktik bacarığı ilə tələbələrin sevgisini və rəğbətini qazanan müəllim idi. Yeni nəsil Azərbaycan jurnalistlərinin yetişməsində xidmətləri olub. Onun elmi, praktik fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Respublika milli mükafatına, 2003-cü ildə Həsən bəy Zərdabi adına mükafata, 2008-ci ildə Ankara Azərbaycan Kültür Dərnəyinin mükafatına, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.
Bu, Nəsiman müəllim haqqında qısa, bioqrafik məlumatdır. Və əslində onu dərindən tanımaq üçün kifayət deyil. Məncə, Nəsiman Yaqublunu tanımaq üçün onun dərsində oturmaq, kitablarını oxumaq, ən azından onunla söhbət etmək şərtdir. Əslində professorla hər söhbət özü elə bir tərs idi.
Sürətlə gəzirdi. Həmişə harasa tələsirdi. Bir dəfə belə olsun gecikdiyini görməmişəm. Amma bu dəfə çox tələsdiz, müəllim. Yeriniz həmişə görünəcək...
Dünən vəfat xəbəri artıq yayılandan sonra bir nəfərlə onun haqqında danışırdım. Göndərdiyim səsli mesaja sonradan bir də qulaq asdım. “Sağ olsun, həmişə dəstək olurdu”, demişdim. Paradoksdur. Artıq haqq dünyasına qovuşmuş insan haqqında “sağ olsun” demişdim. Bəlkə də, Allah dedirtmişdi bu sözü: çünki Nəsiman müəllim elə işlər görmüşdü ki, hələ sağlığında həm o dünyanı, həm də bu dünyanı qazandı. Əminəm ki, o, sevdiklərinin, tələbələrinin xatirəsnidə əbədi yaşayacaq.
Ruhunuz şad olsun, müəllim. Sağ olun, professor.
Kənan Novruzov