Taleyiniz öz əlinizdədir: Kitab oxuyan məhbusların cəzaları azaldılır

“İrəli sürülən təcrübənin ciddi surətdə tam öyrənilməsi və tətbiqi imkanları barədə düşünməliyik”


  Məhbus 1 kitab oxuyur, əvəzində cəzasından 4 gün əksilir. Hər ay 1 deyil, 2 kitab oxuyub başa çatdırsa, cəzasından  96 gün çıxılacaq. Bu rəqəmi artırmaq yenə də məhbusun öz əlindədir. Elə insan var, sürətli oxu qabiliyyətinə malikdir, həftəyə, bir neçə günə 1 romanı oxuyub başa vurur. Beləcə, Braziliya hökuməti  məhbuslara “taleyiniz öz əlinizdədir”, deyir. Bununla məhbuslar arasında maariflənmənin təşviqi, oxu mədəniyyətinin formalaşması, bədii ədəbiyyatla məhbusların islahını həyata keçirməyi hədəfləyirlər. Bu xəbər bir neçə il əvvəl də yayılmışdı və o zamanların gənc yazıçısı Seymur Baycan o zamanın ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazaraq kitab oxumaq ənənəsinin bizim cəzaçəkmə müəssisələrində təcrübədən keçirilməsini təklif etmişdi.  Yazıçı qeyd edirdi ki, Braziliya həbsxanalarında maraqlı və faydalı bir proqram həyata keçirilir. Həbsxana kitabxanalarında ədəbiyyata, elmə, fəlsəfəyə və tarixə aid kitablar var. Kitab seçimində məhbus sərbəstdir. Yazıçı nazirə müraciətində bu proqramın bizim ölkəmizdə də tətbiq edilməsinin dövlətimizə, vətənimizə və xalqımıza xeyli fayda verəcəyini bildirmişdi. Yəni məhbus asudə vaxtını faydalı keçirər, kitab oxuyub savadlanar, dünyagörüşü artar, bədii əsərlərdən bəlkə də, həyat dərsi alar, mənən zənginləşər, xasiyyəti dəyişər bəlkə. Ümid etmək, inanmaq hər zaman faydalıdır.  
Belə bir layihənin ölkəmizdə reallaşdırılması mümkündürmü? 

  Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında bunun üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməli olduğunu bildirdi: 

- Ölkə qanunvericiliyində məhkumlar üçün bu cür güzəşt nəzərdə tutulmadığından sözügedən proqramın Azərbaycanda icrası hazırda real görünmür. Bu proqramın icrası barədə düşünmək, müəyyən təkliflərlə çıxış etmək olar. Amma gərək ilk növbədə qanunvericiliyə müvafiq dəyişikliklər edilsin, hansı hallarda məhbuslara güzəştlər tətbiq edilə bilər, göstərilsin. Belə bir proqramın tətbiqinin nə dərəcədə faydalı olacağı öyrənilməlidir. Məsələn, Braziliyanın timsalında öyrənmək lazımdır ki, kitab oxumaq məhbuslara hansı dərəcədə müsbət təsir bağışlayıb. Cəza müddəti azalaraq azadlığa çıxan məhbusların sonrakı həyatında hər hansı müsbət dəyişikliklər baş veribmi, müəyyən dərəcədə islah olunublarmı, etdiyi cinayətlərə görə peşmanlıq çəkirlərmi və sair. Bu məsələlər mütləq araşdırılmalıdır.  

Ə.Nuriyev qeyd etdi ki, oxşar məlumatlarla rastlaşıb: 
- Mən də belə bir məlumatla rastlaşmışam. Sizə deyim ki, maraqlı yanaşmadır. Düşünürəm, məhkumların islah edilməsi ilə baglı ənənəvi üsullarla yanaşı yeni yanaşmalara, innovativ üsullara ehtiyac var. İrəli sürülən təcrübənin ciddi surətdə tam öyrənilməsi və tətbiqi imkanları barədə düşünməliyik. 
 
 Ə.Nuriyev bildirdi ki, ölkəmizdə hər bir cəzaçəkmə müəssisəsində kitabxanalar fəaliyyət göstərir: 
- Ortalama kitabxana fondu, hər cəzaçəkmə müəssisəsində 2000-ə qədər kitab var. Vətəndaş cəmiyyəti təşkilatları tərəfindən kitabxanalara kitabların verilməsi təşkil edilib. Bizim Konstitusiya Araşdırmaları Fondu təxminən bu günə kimi 400 yaxın kitab verib. Bir qayda olaraq davamlı şəkildə yeni nəşrlərdən kitabxanalara göndərilir. Məsələn, kitabxanada Azərbaycan, Dünya ədəbiyyatı seriyasından kitabları görmüşəm.  Məhkumlar arasında kitablara maraq var.  Ümumi şəkildə, kitabxanalarda kitab oxuma ilə baglı qeydiyyat kitablarında görünür ki, gün ərzində oxucu sayı 20-25 arasında dəyişır. Amma kitab oxumağın daha populyarlaşdırılmasına, bunun üçün də yazıçı və şairlərin məhkumlarla görüşlərinin təşkilinə ehtiyac var.