Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək. Bu barədə Türkiyə mediası məlumat yayıb.
İclasda əsas mövzularından biri Yaxın Şərqdəki son vəziyyət olacaq. Bundan başqa, Azərbaycanla Ermənistan arasındakı münasibətlər barədə də fikir mübadiləsi aparılacaq.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, görüşün əsas gündəm mövzusu İsrail və Yaxın Şərqdəki hadisələr olacaq:
“Bu məsələ Türkiyə mediasında daim işıqlandırılır. Milli Güvenlik Kurulunun (MGK) iclaslarında həmişə terrorizm kimi aktual daxili və xarici siyasət məsələləri müzakirə olunur. Masaya yatırılacaq mövzular içərisində Azərbaycan-Ermənistan münasibətlərinin də olacağını qeyd etmək olar. Ümumiyyətlə Türkiyə regional sülhə önəm verir, hadisələri izləyir, tərəfləri müqavilə imzalamağa təşviq edir. Hətta yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Paşinyanla da görüşüb. Həmin vaxt ümumi bəyanat verilmişdi. İndi isə ciddi, vacib açıqlama veriləcəyini düşünmürəm”.