Yaxın günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci ilin kiçik, orta və böyük qrant müsabiqələrini elan edəcək.
APA xəbər verir ki, bu barədə Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
O, bildirib ki, “Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq: “Müsabiqə elanına uyğun olaraq, QHT müsabiqəyə tək və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər.
QHT-lər müsabiqələrin elanından 1 ay sonra layihələrini ötən il olduğu kimi müvafiq sistemə daxil edəcək. Bunun üçün də 1 ay vaxt veriləcək. Beləliklə, 2 ay müddəti geniş imkan verir ki, QHT-lər müsabiqələrə hazırlaşmaq üçün çox vaxt qazansınlar. Ötən ildən bu praktika tətbiq edilir, uğurlu nəticələri var”.