Ermənistanın sürətli silahlandırılması nəyə xidmət edir? -Təhlil

27 sentyabr 2020 ci ildə Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. Müharibə 44 günün sonunda Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi ilə başa çatdı. O gündən Ermənistanda aksiyalar, çaxnaşmalar, problemlər üzə çıxdı. Ermənistanın müharibədə itkiləri, ölkənin düzgün idarə olunmaması, Qarabağın əldə çıxması xalqı çox narahat edirdi. Nəticə etibarı ilə Ermənistan baş naziri Nikol Paşinyan bir sıra danışıqlar aparırdı. Ermənistan Silahlı Qüvvələrindən sızan məlumatlara əsasən, Ermənistanın sürətli silahlandırılmasını görürük. Silahlandırılma bizdə bir çox suallar meydana gətirir. Ermənistan hansı səbəbdən və kimlər tərəfindən silahlandırılır? Yeni müharibəyə hazırlaşır? Bu sualları araşdırarkən qarşımıza bir çox faktlar çıxır. Ermənistanın əsas silahlanmasını həyata keçirən Hindistan dövlətidir. "The Economic Times" nəşri yazır ki, İrəvanla Dehli arasında sentyabrın əvvəllərində saziş imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə edildiyi bildirilir. Ermənistan bildiyimiz kimi maddi cəhətdən çox da güclü ölkə deyil. Amma Ermənistanın bütün gəlir yerlərini hərbi sahəyə yönəltdiyini əminliklə qeyd edə bilərəm.

Niyə məhz Hindistan?

Hindistan silah satışında heç də zəif ölkə deyil. Ermənistanın indiyədək silah tədarükü Rusiya tərəfindən həyata keçirilib. Hazırda İrəvan Rusiyadan üz döndərərək Qərbə yönəlib. Rusiyanın Qərblə soyuqluğu göz önündədir. Hindistan tərəfindən silahlanmaya bu məqam da səbəb ola bilər. Rusiya və keçmiş sovet ölkələrində SSRİ-dən qalma silahlar çox idi. 44 günlük müharibə bunu tam şəkildə üzə çıxardı. Ona görə də Ermənistan SSRİ silahlarından imtina edərək Qərbə meyillənir. Ermənistan artıq Rusiyadan tamamilə üz döndərib. Ermənistanın silahlanması yeni müharibəyə səbəb ola bilər. İrəvan yalnız müqavilələr əsasında heç bir addım ata bilməyəcəyinin fərqindədir... 

Məhəmməd Namazov,
Azərbaycan Universiteti