ABŞ prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və İsrailin Tehrana eyni ölçülü cavab verməli olduğunu bildirib. Bayden “Helen” qasırğasının vurduğu Şimali və Cənubi Karolinaya səfər etmək üçün təyyarəsinə minməzdən əvvəl Yaxın Şərqdəki son hadisələrə münasibət bildirib. Bayden jurnalistlərin mövzu ilə bağlı sualına cavab verərkən İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib. İsrailli həmkarları ilə danışıqlarının davam etdiyini və İrana necə cavab verəcəklərini müzakirə etdiklərini bildirən Bayden, həmçinin bu gün G7 liderləri ilə ortaq telekonfransda danışdıqlarını və İsrailin eyni ölçülü cavab verəcəyinə razılaşdıqlarını qeyd edib.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, bir müddət öncə Amerika Birləşmiş Ştatları rəsmi şəkildə İrandan İsrailə atılacaq raketlərim vurulacağını bildirmişdi:
“Hətta bu istiqamətdə Amerika ordusuna tapşırıq da verildi. Amma bunun paralelində deyirlər ki, İranın nüvə obyektərinin vurulmasına icazə verilməyəcək. Görünən odur ki, İsrail qisas əməliyyatlarına hazırlaşır və hədəf İranın nüvə obyektləridir. Aydındır ki, belə bir hücum baş tutarsa, ekoloji baxımdan İran və region üçün ciddi fəsadlarla nəticələcək. Amerika isə bunu istəmir və İsraili məsələdən çəkindirməyə çalışır. Çünki həmin proses başda Türkiyə olmaqla digər Müsəlman ölkələrinin də aqressiyasına səbəb ola bilər. Digər tərəfdən belə nəticə çıxarmaq olar ki, bir müddət öncə İranın qeyd etdiyi hücum nəticəsində İsrailin 20 ədən F35 təyyarəsinin sıradan çıxarılması xəbəri dezinformasiyadır. Çünki Amerika belə bir qadağa qoyursa, deməli, İsrail bunu reallaşdırmaq istəyir. Həmin hücum isə yalnız F35 qırıcıları ilə mümkündür. Amma ümumilikdə Amerikanın İsrailə mövqeyi dəyişmir. Sadəcə olaraq regionu daha ciddi problemlə üz-üzə qoymamaq üçün atılan addımdır”.