Türk dövlətləri birlikdə dünyanın 12-ci ən böyük iqtisadiyyatı və 3-cü qlobal enerji təminatçısıdır.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Ankarada Naxçıvan Sazişinin 15-ci ildönümü münasibəti keçirilən “Türk əməkdaşlığının bu günü və gələcək perspektivləri” adlı paneldə çıxışı zamanı bildirib.
O qeyd edib ki, TDT ölkələrindən malların ümumi ixracı da illər ərzində əhəmiyyətli artım nümayiş etdirib: “Daha dəqiq desək, 2015-ci ildəki 420,4 milyard dollarlıq ixracatdan 2023-cü ildə 619 milyard dollarlıq həcmə çatmışıq. Bu əlamətdar artım regionumuzun iqtisadi canlılığını vurğulayır”.
K.Ömüralıyev, həmçinin, enerji və nəqliyyat sahəsində də TDT-yə üzv ölkələrin müstəsna rolunun olduğunu vurğulayıb. Digər tərəfdən isə, biz noyabrın 6-da TDT-nin Bişkekdə keçiriləcək Sammitində “Türk Yaşıl Baxışı: Davamlı Gələcək üçün Birlik” adlı konseptual sənədin qəbulu ediləcəyi də gözlənilir.
“Bu təşəbbüs Paris İqlim Sazişinə uyğundur və türk dövlətlərinin iqlim dəyişikliyi ilə bağlı səylərini birləşdirməyə çalışır. Bu il qardaş Azərbaycanda keçirilməsi planlaşdırılan qlobal iqlim sammiti COP-29-a yaxınlaşdıqca, TDT təkcə ətraf mühitimizi qoruyan deyil, həm də regionumuzun iqlim təsirlərinə davamlılığını artıran strategiyalar hazırlamaq və həyata keçirmək məqsədindədir. Əlavə olaraq, biz COP-29 çərçivəsində TDT-nin ətraf mühit və ekologiyaya cavabdeh nazirlərinin ilk iclasını keçirməyi planlaşdırırıq”, - deyə o əlavə edib.