Vətəndaş hər hansı torpaq sahəsi üzərində tikintini necə apara bilər? - EKSPERTDƏN RƏY

Həyətyanı sahələrində kiçik tikinti işləri aparmaq istəyən bəzi vətəndaşlar problemlərlə üzləşirlər.
Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri isə tikilinin qanunsuz olduğunu və sökülməsini tələb edirlər.
Bəs bu məsələ qanunla necə tənzimlənir?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər hansı bir tikinti işinin aparılması üçün öncə sənədləşməli və layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır. Bu qanun sadəcə fərdi evlərə deyil, mənzillərə də aiddir.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, mövcud qanunvericiliyə əsasən vətəndaşlar hər hansı torpaq sahəsi üzərində tikinti işlərini aparmaq üçün ilk növbədə həmin torpaq sahəsinin çıxarışı  olmalıdır:
“Bunlar olduqdan sonra mövcud    normalara əsasən torpaq sahəsi üzərində tikinti işləri apara bilərlər. Hər hansı tikinti işlərinin aparılması üçün minimum 60x40 nisbət olmalıdır. Yəni ortalama 100 kvadrat torpaq sahəsi üzərində maksimum 40 kvadratlıq tikinti işləri aparılmalıdır. Torpaq sahəsi böyüdükcə tikinti sahəsini də bu nisbətə əsasən genişləndirmək olar. Tikinti işlərinin aparılması üçün vətəndaş ilk növbədə tikəcəyi əmlakın layihəsini çəkdirir və layihəni adiyyatı üzrə sistemə yerləşdirərək həmin sistem vasitəsilə həm Dövlət Şəhərsalma Arxitekturası görə bilir, həm də yerli rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi layihəyə elektron sistem üzərindən baxış keçirir. Əgər bütün çəkilmiş layihə normalara uyğundursa, 15 iş günü ərzində vətəndaşa hər hansı imtina gəlməzsə, vətəndaş tikəcəyi fərdi yaşayış evinin inşasına başlaya bilər. Bundan əlavə vətəndaşın torpaq sahəsi üzərində fərdi yaşayış evi varsa, əgər həmin fərdi yaşayış evində hər hansı konstruktiv dəyişikliklər etmək istəyirsə, yenidən layihə çəkilməli və adiyyatı üzrə elektron sistem vasitəsilə xəbərdalıq üçün həmin layihəni elektron sistemə yerləşdirərək sadaladığım qurumlar baxış keçirməlidir. Əgər həmin tikinti işləri qanuna uyğun aparılırsa, onlara icazə verilir. Əks halda vətəndaşın apardığı tikinti işləri normativ aktlara uyğun deyilsə və əraziyə çıxarış yoxdursa, həmin tikintinin dayandırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin şöbələri tikintinin dayandırılmasına tələb edə bilərlər”.