Yeni nəsil dəvətnamə: Uşaqsız da toy olar?

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib.
Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir.
Çağırışda isə belə yazılır:
"Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin".

Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, bu cür vəziyyətlər dilə gətirilməsə də içindən keçən sözlərdir:

“Xüsusilədə şəhərdə toy mərasimi keçirən şəxslər qonaq sayına hesablanmış zal kirayələyirlər. Yəni stolların sayı qonaq sayına görə olur. Hətta dəvətnamə yazılarkən həmin evdən bir nəfərin gəlişini gözləyir. Lakin bir evdən 4-5 nəfər gəlirsə, xərclərin artması deməkdir. İnsanlar istəyir ki, bir dəvətnaməyə bir qonaq gəlsin, əlavə xərc çıxmasın. Digər tərəfdən nəzərə almaq lazımdır ki, toyun yaraşığı uşaqlardır. Uşaqlar olmayan yerdə əyləncədən, şənlikdən söhbət gedə bilməz. Bəzən də ev sahibləri toyda uşaq istəmirlər. Düşünürlər ki, uşaqlar zalı oyun mrydançasına çevirəcək. Yəni bu tip insanlar da var. Toyun özəlliyi uşağın olmasıdır”.