Problemin nədən qaynaqlandığını yalnız məktəb daxilində axtarmağa başlasaq, heç nə əldə etməyəcəyik
Məktəblilər arasında növbəti insident Bakı şəhəri 329 saylı tam orta məktəbdə yaşanıb. Verilən xəbərə görə, tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə kəsici alətlə xəsarət yetirib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib. "Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətdən məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda bildirilib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatında da bildirilir ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digər şagirdə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov “Sherg.az"a açıqlamasında bildirdi ki, baş vermiş insident yalnız məktəbə aid məsələ deyil, bu, ümumən cəmiyyətlə əlaqədardır:
- Şagirdlər məktəb daxilində də dalaşa bilər, məktəbdən kənarda da. Problemin nədən qaynaqlandığını yalnız məktəb daxilində axtarmağa başlasaq, heç nə əldə etməyəcəyik. Problemi məktəbə yönəltmək yox, problemin mənbəyinə enmək, səbəbləri tapmaq lazımdır. Belə olarsa, biz “bu münaqişələr niyə ortaya çıxır” sualına cavab tapa bilərik. Elmi təhlillər onu göstərir ki, səbəblər əsasən, uşaqlar, yeniyetmələr arasında aqressiyanın artmasına səbəb kompüterə, sosial şəbəkələrə, internet resurslara və orada paylaşılan materiallara aludəlik, şiddəti təbliğ edən, şiddətə, zorakılığa yönəldən kompüter oyunları, uşaqların müəyyən qədər nəzarətsiz qalması, küçədə, həyətdə yaşıdlarıyla mübahisə etməsi, valideynlər arasında ailədaxili münaqişələr, bir-biriylə yola getməmələridir. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir. Sosial şəbəkələrdə kriminal məzmunlu materiallar, uşaqların zorakılığa, yaşıdlarına öz gücünü, “nüfuzunu” göstərməyə meyillənməsinə səbəb olur. Şagirdlər nəzarətsiz buraxılmamalıdır. İstər məktəbdə, istərsə də məktəbdən sonra evdə, ailə daxilində. Bir şagirdin üzərində, cibində niyə kəsici alət olmalıdır, şagird kəsici aləti niyə özüylə məktəbə gətirir? Valideyn zaman-zaman uşağın məktəb çantasını da, cibini də yoxlamalıdır. Aşkar şəkildə olmasa da, gizli şəkildə. Baxmalıdır, nəzarət etməlidir, övladı özünü necə aparır. Kimlərlə dostluq edir və necə dostluq edir. Uşağın maraq dairəsi nədən ibarətdir? Və izah etməlidir ki, bu cür aqressiya yanlışdır, ziyanlıdır. Yeri gələndə tənqid etməlidir. Küçə jarqonu ilə danışmasını irad tutmalıdır ona. Məktəb psixoloqları da iş aparmalıdır şagirdlərlə. Məktəb psixoloqlarını son zamanlar çox hallandırırıq. Hesab edirəm ki, yaxşı pedaqoq həm də təcrübəli psixoloqdur. Sinifdə müəllim həm pedaqoq kimi, həm də psixoloq kimi davranırsa, o sinfin şagirdlərinin yanlış istiqamətlərə yönəlməsi ehtimalı aşağıdır. Dünənədək (30-40 il əvvəl) məktəblərdə ayrıca psixoloq ştatı yox idi, müəliimlər şagirdlərlə yeri gələndə tərbiyəvi söhbət aparırdılar. Doğrudur, müəllim nüfuzu çox şeyi həll edir. Amma biz indi deyə bilmərik ki, nüfuzlu müəllimlər yoxdur, yaxud azdır, şagirdlərlə ünsiyyət qura bilmirlər və sair. Yüksək ixtisaslı, bacarıqlı, uşaqlarla lazımi şəkildə davrana bilən pedaqoqlarımız çoxdur. Lakin bunu da nəzərə almalıyıq ki, uşaqlar bir çox istiqamətlərdən təhlükələrlə üz-üzədirlər. Dediyim kimi, müasir texnologiyalar, internet resursları, smartfonlarda müxtəlif platformalara sərbəst giriş imkanı uşaqlarımız üçün böyük təhlükə daşıyır. Ona görə də problemə birtərəfli yanaşma müsbət nəticə əldə etməyimizə mane olar. Aqressiyanın mənbəyinə enmək, kökünə baxmaq lazımdır ki, haradan, nədən qaynaqlanır. Hazırda əksər orta məktəblərdə müşahidə kameraları quraşdırılıb. Məktəb dəhlizlərində, məktəbin həyətində qarşıdurma halı yaranıbsa, nəzarətçilər tərəfindən dərhal müdaxilə edilməlidir. Bu məsələdə “Məktəbin dostu” layihəsinin müsbət təsirini qeyd etməliyik. Bu layihə üzrə çalışanlar məktəb daxilində sakitliyin təmin edilməsinə çox kömək edir. Aqressiya elementləri varsa, önlənməli, qarşısı alınmalıdır. Şagirdlərin aqressiv davranışı psixoloqlar tərəfindən araşdırılmalı, uşaqlar doğru yola yönəldilməlidir. Məktəbin üzərinə düşən vəzifə hər bir şagird haqqında müəyyən məlumatlara malik olmaq, ailələrlə əməkdaşlıq etməkdir.
P.S.Təəssüf ki, məktəbin ailələrlə “əməkdaşlığı” fond pulu toplananda, bayram günləri, sinif müəllimlərinin ad günləri və sair bu qəbildən olan tədbirlər, həmçinin müəyyən qədər də imtahanlar vaxtı “sıxlaşır”. Belə olduğu müddətcə məktəbli oğlanların ciblərində bıçaq gəzdirməsinə də, qızlarınsa bir-birinin saçını yolmasına heyrətlənməmək lazımdır.