Son günlər istər ümumtəhsil müəssisələri, istərsə də ali təhsil məktəblərdə şagird və tələbələrin sevimli müəllimlərinə şirniyyat, şokolad vermələri ilə bağlı yeni trend başladılıb. Sosial şəbəkələrdə paylaşılan müxtəlif videolara yanaşmalar da birmənalı deyil. Bir çoxları bu cür videoların stresli iş mühitində xoşagələn olduğunu bildirsə də, bəziləri müəllimlərinin əllərini açaraq şirniyyat almalarını peşələrinə uyğun olmadığını qeyd edir.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müəllimlərə şirniyyatların verilməsi və video çəkib trendə qoşulmaq cəmiyyətdə birmənalı qarşılanmır:
“Müəllimlərə qarşı olan kobud rəftarlar, dərsin pozulması ilə bağlı videolardansa, bu kimi videolar daha yaxşıdır. Ancaq 45 dəqiqə vaxt müəllimin əmək funksiyalarını yerinə yetirməsi üçün ayrılmış zamandır. Ümumitəhsil müəssisələrində 45 dəqiqənin 80 faizi tədris proqramlarını müəyyən edilməsinə, 20 faizi isə yorğunluğu aradan qaldırmaq üçün müəyyən hərəkətlərə sərf edilir. Eyni zamanda bu vaxt şagirdlərin mənəvi yetkinliyi üçün söhbətlərə ayrılmalıdır. Düşünürəm ki, müəllim müəllim olmalıdır. Yəni peşə vəzifəsini yerinə yetirərkən şəxsi həyatında bütün davranışları və tapşırıqları müəllim kimi icra etməlidir. Şəxsən bu trendi normal saymıram. Lakin bilməliyik ki, cəmiyyət sürətlə dəyişir. Ona görə də deyirəm ki, buna da şükür. Məktəblərə uyğun olmayan elə vəziyyət yaranıb ki, bu videolara baxıb yenə də şükür edirəm. Şəxsən mən müəllim olaraq bu anın videoya çəkilməsini istəməzdim. Bir sözlə baş verənlər məni çox təəccübləndirmir”.