“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün yenidən yeni İşçi Qrup formalaşdırılmalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Şöbə müdiri qeyd edib ki, ali təhsillə bağlı qanun layihəsinin qəbulu sosial sahədə ən problemli məsələdir: “Sosial siyasət sahəsində ən ciddi məsələ “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsidir. 30 illik Milli Məclis tarixində yeganə sənəddir ki, parlament sədri şəxsən ilk İşçi komandasına özü sədrlik edib və onun tövsiyəsi ilə işçi Qrup formalaşdı. Bəxtiyar Əliyevin sədrliyi dövründə 5 il müddətinə bu sahədə əməyini qeyd etməliyik. Təbii ki, obyektiv səbəblər nəticəsində bu qanun layihəsi hələ də gündəmə gələ bilmir. İşçi Qrupunda ali təhsil müəssisələrinin rəhbərləri iştirak edir və çox ciddi təkliflər verilib. Bu heç də o demək deyil ki, bütün ali təhsil müəssisələrindən təkliflər gəlib. Düşünürəm ki, İşçi Qrupu yenidən formalaşdırılmalıdır”.
Adil Vəliyev qeyd edib ki, “Qeyri maddi mədəni irsin qorunması haqqında” qanun layihəsini hazırlayıblar, amma müzakirə edilməyib: “Sonradan “Mədəni irs haqqında” qanun hazırlanması tapşırıldı. Deyildi ki, bu qanunda həm mədəni irsi, həm də qeyri-maddi mədəni irsin qorunması ehtiva olunsun”.