
4 min Azərbaycan vətəndaşının taleyi hələ də naməlumdur -RƏY
Beynəlxalq birlik Ermənistanı insanlıq yoluna dəvət etməlidir
“İtkin düşmüş 3 min 990 soydaşımızdan yalnız 187 nəfərin taleyi məlumdur”
Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutub. Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevlə yanaşı, İtkin Düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və başqa ölkələrdən nümayəndələr iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev də beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə vurğulanıb ki, itkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir: "İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur". Dövlət başçısının müraciətində vurğulanıb ki, bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək dəfn edilib: "Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir. Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır".
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Sherg.az-a deyib ki, konfrans bu məsələnin dövlətimiz və ictimaiyyətimiz üçün nə qədər önəmli və həssas məsələ olduğunu aydın şəkildə göstərir. Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına ayrıca müraciət etməsi heç də təsadüfi deyil:

"Dövlət başçısı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə hər zaman yaxından maraqlanıb. Bununla bağlı bütün mümkün beynəlxalq platformalarda məsələ qaldırıb. Rəsmi Bakı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülən, itkin düşən, işgəncələrə məruz qalan vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə beynəlxalq insan hüquqları təşkilatlarını, digər qurumları həmişə ədalətli mövqe nümayiş etdirməyə, dünya birliyini humanizm və həmrəyliyə səsləyib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən indiyə qədər 3 min 990 nəfər soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 984 nəfəri Birinci Qarabağ müharibəsi zamanı, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. 3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri isə qocalardır. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsində eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, onların cəsədlərinin qalıqları ailələrinə təhvil verilərək qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər".
Ə.Hüseynov əlavə edib ki, 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra Qarabağ və Şərqi Zəngəzurda kütləvi məzarlıqların aşkar edilməsi davam edir:
"Ağdərə rayonunda aparılan axtarış qazıntı işləri zamanı növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, həmin kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Meyitlərin qalıqlarının ilkin müşahidəsi göstərir ki, qətlə yetirilməmişdən öncə hərbçilərimiz dəhşətli işgəncələrə məruz qoyulub. Bütün bunlar Ermənistan tərəfinin Cenevrə Konvensiyasının, eləcə də iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd davranmasının nəticəsidir. Hətta müharibələrin də öz qanunları olur. Lakin Ermənistan tərəfi əsir və itkin soydaşlarımıza qarşı münasibətdə müharibə qanunlarını kobud surətdə pozub. Başqa sözlə desək, Ermənistan 30 il davam edən işğal dövründə özünü dövlət kimi yox, cinayətkar quldur dəstəsi kimi aparıb, azərbaycanlılara qarşı kütləvi qətl və terror siyasəti yürüdüb. Bunun nəticəsidir ki, 4 minə yaxın Azərbaycan vətəndaşının taleyindən bu günə qədər də xəbər yoxdur. Rəsmi Bakının dəfələrlə müraciət etməsinə baxmayaraq, Ermənistanın siyasi rəhbərliyi həmin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyə qədər heç bir addım atmayıb. Beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar davranışına laqeyd qalmamalıdırlar. Dünya birliyi Ermənistan rəhbərliyini insanlıq yoluna dəvət etməlidir".