Azərbaycan ailəsi tənəzzülə gedir: “Can nənə, bir nağıl de” deyəcək uşaq qalmayacaq 

Professor xəbərdarlıq edir: “Yaşlı insan qalası çökür, boşanmalar artır, uşaqlar dəyərlərdən uzaq düşür”
– Ay nənə, bir nağıl da de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax...
 
Görəsən, nənəsindən nağıl istəyən uşaqlar var indi?... Nəvəsinə nağıl deyən nənələr necə, varmı?.. Uşaqlar da var. Nənələr də. Amma birgə olub-olmamaları, eyni evdə yaşayıb-yaşamadıqları sual altındadır. Dövrümüzdə oğul, gəlin, nəvə ilə eyni evdə, eyni mənzildə yaşayan nənə-babalara çox az rast gəlinir. Gənclər ata-ana, qayınana, qayınata ilı birgə yaşamaqdan imtina edir. Açıq-aşkar şərt qoyurlar: qayınana ilə birgə yaşamayacam. Ayrıca evimiz olmalıdır. Heç övladlar da ana, atasının onlarla birgə yaşamasını istəmir. Belə bir qopma, qırılma prosesi gedir ailələrdə. Səbəblərini araşdırmağa çalışacağıq. Həqiqətsə bundan ibarətdir ki, eyni hal təkcə bizim ölkədə yaşanmır. Dünyanın bir çox ölkəsində ailələr tənhalıq problemi ilə üz-üzədir. 
“İcarə nənələr”
Yaponiya kimi inkişaf etmiş bir ölkədə vəziyyət elə bir həddə çatıb ki, “icarə nənə” – icarəyə nənə xidməti - modelinin tətbiqinə başlanılıb. Buna səbəb dərinləşən iqtisadi böhran, əhalinin sürətlə yaşlanması, doğum səviyyəsinin getdikcə aşağı düşməsidir. Yapon valideynlər ata-anasız yaşamağa üstünlük verir. Çünki aylıq gəlirləri böyük ailənin dolanışığına yetəcək səviyyədə deyil. Belə bir vəziyyət digər ciddi bir problemin yaranmasına gətirib çıxarıb. Uşaqlar nəzarətsiz qalır, ətraflarında yaşlı insanlar olmadığından mühafizəkar yapon ailəsinin adət-ənənələrini də öyrənə bilmirlər. Valideynlərin uşaqlarla məşğul olmağa nə vaxtı, nə də imkanı var. Nənə, baba da yoxdur. Bu, uşaqların ailə dəyərlərindən getdikcə uzaqlaşmasına zəmin yaradır. Ona görə də son illərdə Yaponiyada “icarəyə nənə xidməti” tətbiq edilməyə başlayıb. Yaşlı qadınlar bu işə cəlb olunur, həm qazanc əldə edir, həm də azyaşlılar “nənə” qazanırlar. Bu nənələr uşaqlara ailə ilə bağlı lazım olanları öyrədir. Yemək bişirməkdən tutmuş, sosial münasibətlərin, ünsiyyətin formalaşmasına qədər hər şeyi. Bir halda ki, “icarə nənələr”ə ehtiyac var, bəs uşaqların əsl, doğma nənələri hardadır, niyə onlara nənəlik vəzifəsini yerinə yetirməyə rüsxət verilmir?             
Uşaqlar azalır, yaşlılar çoxalır
Son illərdə Azərbaycanda boşanmaların sayında artım qeydə alınır. Rəsmi statistikaya əsasən 2000-ci ildə Azərbaycanda 5 min 478 boşanma qeydə alındığı halda, 2024-cü ildə bu göstərici 19 min 597 olub. Bu isə o deməkdir ki, son 25 ildə boşanmaların sayı 3,6 dəfə artıb. 25 il əvvəl – 2000-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,7 olduğu halda, ötən il 2,1-ə yüksəlib. Son 10 ildə doğum 60 faiz azalıb. 
Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova Sherg.az-a
 açıqlamasında qeyd etdi ki, yaşlı insanların sayının artması, yeni doğulanların sayının azalması bütün dünyada müşahidə edilən tendensiyadır. Təbii ki, doğulanların sayı azalırsa, bu, yaşlı insanların sayının artacağı deməkdir: 
- Doğum faizinin 60-a enməsi nə deməkdir? Bu onu göstərir ki, çoxuşaqlı ailələrin olması ilə öyündüyümüz ölkəmizdə getdikcə ailələr kiçilir, uşaqların sayı azalır. Bu, gələcəkdə demoqrafik problemə səbəb ola bilər. Vəziyyət hələ ki kritik həddə deyil. Amma problemin qarşısı alınmalıdır. Gənc ailələr 1-2 övlad sahibi olurlar. İndi 3, 4 uşaqlı ailələrə çox az rast gəlinir. Halbuki ötən əsrdə Azərbaycan ailəsi ən azı 6 nəfərdən ibarət olardı. O zamanlar da 1-2 övlada sahib ailələr vardı. Amma az idi belə ailələr. Bu da müəyyən zəruri səbəblərdən olurdu. İndi isə gənclər evləndimi, şərt qoyurlar: 1 uşaq! Biri olsun, ona lazımi qulluq göstərə bilək, təhsilinə fikir verək, gələcəyini təmin edə bilək. Burada iqtisadi, sosial amilləri gözdən qaçırmaq olmaz. Lakin, bu da həqiqətdir ki, gənclər əvvəlki ailə modelini daha bəyənmir. Övladlara qulluq göstərməyə özlərində güc, qüvvət, cəsarət tapa bilmirlər. Uşaq ailənin bərəkətidir. Mən maddi imkanların azlığını inkar etmirəm, lakin bu, əsaslı səbəb deyil. Ötən illərdə məgər bütün ailələr maddi imkanlı idi? Xeyr. Məsələ var, deyirlər, kasıbın nəyi olmasa da, oğul-uşaqdan bol olar. Ailə planlaması, əlbəttə, lazımdır. Kimsə iddia etmir ki, sosial çətinlik çəkən bir ailədə 5-6 uşaq olsun. Amma məsələ bundadır ki, imkanlı, təminatlı ailələrdə də biz 1, ya da 2 uşaq görürük. Demək, məsələ maddi imkanda deyil. İnsanların düşüncə, təfəkkür tərzinin dəyişməsindədir. 1, 2 uşaqlı ailələr sanki “dəbli” hesab olunmağa başlayıb. Bəzən bunun Avropadan götürüldüyünü deyirlər. Belə hesab etmirəm. Hər bir ölkədə azuşaqlı ailələr də var, çoxuşaqlı ailələr də. Biz, Azərbaycan xalqı hansısa ölkədən, hansısa xalqdan nümunə, təcrübə götürməməliyik. Bizim xalqın çox gözəl, mötədil adət-ənənələri var.  Öz adət-ənənələrimizi qorumağa çalışmalıyıq ki, digər xalqlar arasında itib-batmayaq. Yoxsa, bu gedişlə “can nənə, bir nağıl de” söyləyəcək nə uşaq qalacaq, nə də nağıl söyləyəcək nənələrimiz.    
Nənə, babalar “dəb”dən düşüb
H.Məmmədova qeyd etdi ki, Azərbaycan ailə modeli son illərdə dəyişikliklərə uğrayıb. Bu dəyişiklik daha çox özünü ailə tərkibində göstərir. 50 il əvvəl ailədə nənə, baba, ata, ana, ən azı 3-4 uşaq vardısa, indiki ailələr kiçilməyə doğru gedir. Hazırda 3-4 nəfərlik ailələr daha çox nəzərə çarpır: 
- Bunun bir səbəbi də gender bərabərliyinin təmin edilməsinə çalışmaqdır. Bəzən qadınlara qarşı ayrı-seçkilikdən danışılır. Qadınların yüksək vəzifələrə irəli çəkilməməsi, işləyən qadınların azlığından narazılıq ifadə edilir. Lakin belə deyil. Ölkəmizdə dövlət orqanlarında çalışan, yüksək vəzifələrə təyin edilən qadınlar çoxdur, işləyən təbəqə arasında da qadınlar heç də az deyil. Xanımların işləməsi əlbəttə lazımdır. Amma evin xanımının işləməsi, istər-istəməz, hər nə qədər qadın səy göstərsə də, onun həm də ailə içində az olması, övladları ilə daha az vaxt keçirməsi deməkdir. Bəzi ailələrdə məhz bu amil əsas götürülərək 1, ya da 2 övladın dünyaya gətirilməsi planlaşdırılır ki, bu da nəticə etibarilə ölkədə doğum sayının azalmasına gətirib çıxarır. Əvvəl ailələr çoxuşaqlı idilər. Nənə, baba, hətta bibi, əmi, ailənin başqa üzvləri ailənin içində, birgə yaşayırdılar. Uşaqlar böyüklərdən görüb-götürürdü. Uşaqları nənələr, babalar, dayılar tərbiyə edirdi. Ailələr böyük idi, hər kəsin də bəlli bir vəzifəsi, görəcəyi iş vardı. Yaşlı insan - nənə, baba evin ruzi-bərəkətidir. Onlar  yoxdur, bərəkət də göyə çəkilib. Ailə dəyərləri dağılmaq üzrədir. Qadın ərin sözünü eşitmir, ər də qadının. Hərə öz bildiyi kimi yaşamağa çalışır. Evdə böyüklər olanda münasibətlərin qorunmasına çalışır, məsləhət verir, doğru yol göstərirlər. Çünki həyat təcrübələri var. Təcrübəsiz gənclərin ata-ana, qayınana-qayınata sözünə, məsləhətinə ehtiyacları var. Amma qəbul etmək istəmirlər. Gənclər arasında boşanmaların artması səbəblərindəın biri də budur. Yaşlı insan ailəni qoruyan möhkəm qaladır. Bu qalanın içində hamı təhlükəsiz olur. Mehriban şəraitdə birgə yaşayırlar. Uşaqlar da xoşbəxt olur, nənə, baba sevgisini duyurlar. Ailənin nə demək olduğunu öyrənirlər.