“Piştaxtalar yenə göz oxşayır. “Bir yumurta əkizi” olan çiyələk, alça "gəl-gəl" deyir...hamısı eyni formada, eyni "gözəllikdə". Baxdım, Daşkənddə də eyni görünüşlü çiyələk satışa çıxarılıb. Elə bil “Vosmoy” bazarından aparıblar ora”. Bu fikirlər həkim-pediatr Vaqif Qarayevə məxsusdur. Sosial şəbəkədə paylaşım edən həkim valideynləri vaxtından əvvəl yetişdirilən çiyələkləri uşaqlara verməməyə çağırış edib. 
Sherg.az-a açıqlamasında V.Qarayev hər il bu vaxtlar satışa çiyələk, alça çıxarıldığını, lakin müxtəlif kimyəvi dərmanlar heabına vaxtından əvvəl yetişdirildiyi üçün orqanizmə ziyanlı olduğunu dedi:
- Xüsusilə uşaqlara bu çiyələk, alça və mövsümündən əvvəl yetişdirilib bazara çıxarılan bu cür meyvələri yeməyə icazə verilməməlidir. İndiki alça, çiyələyə faraş demək olarmı? Faraş özü yetişənə deyilir, məncə, bunları zorla faraş ediblər. Ölçüləri çox böyükdür, hibrid meyvələrdir. Tez yetişsin, satışa çıxarılsın deyə müxətlif kimyəvi dərmanlar vurulur, nə dadı var, görkəmi də ürəkaçan deyil. Bu yekılikdə çiyələk olmaz axı. Uşaqlara verilməməsi məsləhətdir. Mədə-bağırsaq pozuntusundan tutmuş, zəhərlənməyə qədər səbəb ola bilər. Əvvəllər camaat çiyələk alanda ehtiyatlanırdı, dəfələrlə yuyurdular. Belə fikir vardı ki çiyələk zəhərli ola bilər, çünki yerdə cızlar arasında yetişir, hər cür həşərat, hətta ilan da zəhərini çiyələk kollarana buraxa bilər. İndi meyvənin yetişməsi üçün o qədər kimyəvi maddələr vururlar ki, nə həşərat yaxın gəlir, nə də ilan. Amma insanlar üçün, xüsusən uşaqlar üçün təhlükəlidir. Allergik reaksiyalara da səbəb olur.
V.Qarayev bildirdi ki, çiyələk vitaminlərlə zəngin giləmeyvədir. Lakin təbii şəraitdə yetişirsə.