Eyni işi görən qadınla kişi niyə fərqli maaş alır? - Ekspertdən İZAH

"Xanımlarımız da qananları bilməlidir və hüquqlarının pozulmasına imkan verməməlidirlər"

Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir. Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik qadınlara əmək haqqı hesablanmasında müsbət dəyişikliyə səbəb olacaqmı? 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Qanunun 9.1-ci maddəsinə əsasən “Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir: 

- Qeyd edilən maddəyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əməkhaqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar olaraq 9.1-ci maddə yeni redaksiyada verilir. Ümumən Azərbaycna qanunvericiliyinə görə əmək haqqında cinsə görə ayrı seçkilik yoxdur. Sadəcə, yüksək əmək haqqı olan vəzifələrdə kişilər daha çox təmsil olunur deyə, belə təəssürat yaranır. Amma xanımlarımız da qananları bilməlidir və hüquqlarının pozulmasına imkan verməməlidirlər. İşə götürülən zaman işəgötürəndən tələb etməlidirlər ki qanuna riayət olunsun, əmək haqqı qanuna müvafiq hesablansın. Bunun üçün qanuni əsaslar var.