"Hər şey dünyanı və hadisələrin məntiqini anlamaq istəyimlə başladı"

TƏHSİLDƏ PARLAQ NƏTİCƏLƏRİ İLƏ SEÇİLƏN CƏFƏRİSADİQ AYVAZLI İNFORMASİYA SİSTEMLƏRİ ÜZRƏ RƏHBƏR MÖVQEYƏ YÜKSƏLMƏYİ ARZULAYIR

Gənclərin təhsilə, elmə və müasir texnologiyalara marağı onların gələcək karyerasının formalaşmasında mühüm rol oynayır. Xüsusilə dəqiq elmlərə maraq göstərən və beynəlxalq imtahanlarda yüksək nəticələr əldə edən gənclərin uğurları diqqət çəkir. Cəfərisadiq Ayvazlının təhsil yolu da bu baxımdan nümunəvi göstəricilərlə zəngindir.

C.Ayvazlı 2009-cu ildə Bakıda anadan olub. Orta təhsilini Bakı Türk Liseyində alıb. Məktəb illərində dəqiq elmlərə - riyaziyyat, fizika və informatikaya böyük maraq göstərib. Beynəlxalq və yerli imtahanlarda göstərdiyi yüksək nəticələrlə seçilən Cəfərisadiq beynəlxalq SAT imtahanından 1470 bal, IELTS imtahanından 7.0 bal və CSCA imtahanında fizika üzrə 80, riyaziyyat üzrə 72.5 bal toplayaraq böyük uğura imza atıb. Uğurlu imtahan göstəriciləri sayəsində o, dünyanın və bölgənin bir sıra nüfuzlu ali təhsil müəssisələrindən qəbul təklifləri alıb. Qəbul olunduğu universitetlər sırasına Boğaziçi Universiteti, Harbin Institute of Technology (100% təqaüd), Shanghai Jiao Tong University (50% təqaüd), South China University of Technology, University of Edinburgh və ADA Universiteti daxildir. O, gələcək təhsilini Boğaziçi Universitetində İnformasiya Sistemlərinin İdarə olunması ixtisası üzrə davam etdirməyi planlaşdırır. O, gələcəkdə öz sahəsində peşəkar mütəxəssis kimi yetişərək elmi və texnoloji nailiyyətlərə töhfə verməyi hədəfləyir: "Mənim dəqiq elmlərə marağım sadəcə formul və düsturları əzbərləməklə başlamayıb, hər şey ətrafımdakı dünyanı və hadisələrin arxasındakı məntiqi anlamaq istəyimlə başladı. Riyaziyyat mənim üçün hər zaman problemləri həll etmə sənəti və məntiqi düşüncənin təməli olub. Məktəb illərində, xüsusən 9-cu sinifdə fənn yarışlarına hazırlaşarkən mürəkkəb bir məsələnin həllini tapmağın verdiyi o zehni zövq bu sahəyə olan marağımı artırdı. Riyaziyyatın mənə qazandırdığı analitik təfəkkür isə digər elmlərin qapısını açdı. Fizika isə riyaziyyatın real həyatdakı təzahürüdür. Kainatın necə işlədiyini, hərəkətlərin, enerjinin və təbiət qanunlarının arxasındakı mexanizmi öyrənmək məni hər zaman valeh edib. Fizika vasitəsilə nəzəri biliklərin gözümüzün önündəki real dünyanı necə idarə etdiyini gördüm. İnformatika və kompüter elmləri isə bütün bu bilikləri gələcəyi qurmaq üçün bir alətə çevirir. Kod yazmaq, alqoritmlər qurmaq və süni intellekt kimi müasir texnologiyalarla işləmək mənə imkan verir ki, riyazi və fiziki məntiqdən istifadə edərək real problemlərə innovativ həllər yaradım. Qısacası, riyaziyyat düşünməyi, fizika anlamağı, informatika isə yaratmağı öyrətdi. Bu üç sahənin vəhdəti mənim gələcək ixtisas seçimimin də əsas təməli oldu. Oxuduğum məktəbin - Bakı Türk Liseyinin qarşımıza qoyduğu tələblər bizdən məsuliyyətli olmağı, oxuduğumuz fənləri dərk etməyi və araşdırmalar etməyi tələb edirdi. Bu səbəblə həm öz potensialımı gücləndirmək, həm də bizə qarşı olan tələbləri qarşılamaq üçün kifayət qədər onlayn resurslardan və kitablardan istifadə edərək bu fənlərə olan bazamı möhkəmləndirdim".

Cəfərisadiq Ayvazlı bildirib ki, ilk növbədə ingilis dilini təməl səviyyədə möhkəmləndirmək bu prosesdə çox vacibdir: "9-cu sinifdən başlayaraq ingilis dilini inkişaf etdirmək üçün kurslara yazıldım və həmçinin özüm aktiv məşğul olaraq təməlimi möhkəmləndirdim. Daha sonrakı mərhələdə Pre-SAT və SAT imtahanlarına hazırlaşmağım məni ingilis dilini öyrənməyə daha çox vadar etdi, çünki SAT Verbal hissəsi güclü akademik ingilis dili tələb edir. SAT imtahanına hazırlığımın son ərəfələrində IELTS imtahanı üçün hazırlaşdım və bu müddət məndən hər bölmə üçün məsuliyyətli olmağı və gündəlik intizamlı çalışmağı tələb edirdi. Hər iki imtahanı - SAT və IELTS-i 2025-ci ilin noyabr ayında yekunlaşdırmağı bacardım və bu, mənə TOP universitetlərin açarı oldu. Beynəlxalq imtahanlar kifayət qədər böyük məsuliyyət və intizam tələb edir, amma bununla paralel, dünyagörüşü də tələb edir. İstər qatıldığım akademik ingilis dili imtahanlarında, istərsə də akademik fənlərin imtahanında kifayət qədər gündəlik situasiyalardan və elmi araşdırmalardan bəhs olunur. Bu, bəzən oxuduğumuzu anlamamağa və dərk etməməyə gəlib çıxarır. Həmçinin, vaxt problemi də xaricdə oxumaq istəyən tələbələrin əksəriyyətinin yaşadığı problemdir, hansı ki, məktəb dərsləri ilə bərabər, akademik imtahanlar kifayət qədər səbir və məsuliyyət tələb edir".

Onun dediyinə görə, həftəiçi günlərin birinci yarısını məktəbdə, digər saatları isə qrafikə uyğun olaraq əlavə kurslarda keçirib: "Qalan vaxtlarımı maksimum səmərəli idarə etməyə çalışırdım. Lakin uğur qazanmaqda təkcə oxumaq deyil, həm də dincəlmək və sosiallaşmaq arasında balansı qorumağın böyük rol oynadığını zamanla dərk etdim. Eyni vaxtda bir neçə nüfuzlu universitetdən qəbul təklifi almaq hissi mənə böyük qürur və xoşbəxtlik verir. Eyni zamanda, universitetə addım atmaq üzərimə böyük məsuliyyət yükləyir. Çünki əldə olunan hər bir uğur keçmiş zəhmətin yekunu olmaqla yanaşı, daha böyük məqsədlərin təməlidir. İnanıram ki, seçdiyim sahədə dərin biliklərə yiyələnərək mənə bəslənən ümidləri doğruldacaq və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edəcəyəm. Əslində, təklif aldığım hər bir universitet - istər 100% təqaüdlü Harbin, istər Shanghai Jiao Tong, istərsə də Edinburq - çox böyük imkanlar təklif edirdi. Lakin Boğaziçi Universitetini seçməyimin bir neçə sadə səbəbi var. Birincisi, güclü akademik mühiti və nəhəng məzun şəbəkəsidir. Boğaziçini bitirənlərin bu gün qlobal texnologiya nəhənglərində tutduğu mövqelər gələcək karyeram üçün çox böyük qapılar açır. İkincisi, təhsil keyfiyyəti ilə rahatlığın balansıdır. Dünya səviyyəsində ingilisdilli təhsil almaqla yanaşı, mədəniyyətcə bizə çox yaxın olan bir mühitdə oxuyacağam. Bu da adaptasiya problemimi aradan qaldırır və diqqətimi tam dərslərimə yönəltməyə imkan verir. Bir sözlə, digər seçimlərim də çox dəyərli olsa da, Boğaziçi həm təhsil, həm mühit, həm də gələcək imkanlar baxımından mənim üçün ən ideal yerdir".

O qeyd edib ki, İnformasiya Sistemlərinin İdarə olunması ixtisasını seçməyinin əsası var: "Əslində, məni bu ixtisasa tərəf çəkən əsas şey texnologiya ilə real həyatın kəsişdiyi nöqtə oldu. Mən həmişə riyaziyyatı və proqramlaşdırmağı çox sevmişəm və mənə maraqlıdır ki, o yazılan kod, o qurulan sistemlər real biznesdə, şirkətlərdə necə işə yarayır, qərarların verilməsinə necə kömək edir. Məhz İnformasiya Sistemlərinin İdarə olunması (MIS) mənə bu imkanı verir. Bu ixtisas texniki biliklərlə idarəetmə bacarıqlarını bir araya gətirir. Əsas hədəfim İnformasiya Sistemləri Meneceri (Information Systems Manager) olmaqdır. Amma bu pilləyə çatmazdan əvvəl Data Analitikası və IT Layihələrin İdarə olunması kimi sahələrdə praktiki təcrübə toplamaq istəyirəm. Çünki yaxşı menecer olmaq üçün əvvəlcə sistemin ən kiçik detalına qədər necə işlədiyini görmək lazımdır. Təcrübə qazandıqdan sonra isə məqsədim texnologiya komandalarına rəhbərlik etmək və şirkətlərin rəqəmsal strategiyasını idarə etməkdir".

C.Ayvazlı gələcəkdə magistratura və doktorantura təhsili almağı da düşünür: "Amma mənim üçün akademik təhsil sırf diplom xatirinə deyil, real praktika ilə paralel olmalıdır. Bakalavr təhsilimi bitirdikdən sonra ilk olaraq sahədə işləmək, böyük layihələrdə praktiki təcrübə toplamaq və sənayenin tələblərini daxildən görmək istəyirəm. Müəyyən təcrübə qazandıqdan və dərindən ixtisaslaşmaq istədiyim konkret istiqaməti dəqiqləşdirdikdən sonra xaricdə magistratura təhsili almağı planlaşdırıram. Doktorantura təhsili də bu istiqamətdə mümkün haldır. 10 il sonra özümü beynəlxalq miqyaslı bir texnologiya şirkətində və ya rəqəmsallaşan nəhəng bir müəssisədə İnformasiya Sistemləri üzrə Rəhbər mövqeyində görürəm. Artıq həmin dövrdə yalnız texniki layihələri idarə edən deyil, süni intellekt və böyük data əsaslı strateji qərarlar verən, böyük komandalara rəhbərlik edən bir mütəxəssis olmaq əsas hədəfimdir. Eyni zamanda, topladığım beynəlxalq təcrübə və akademik biliklərlə öz ölkəmdə də texnologiya və idarəetmə sahəsinin inkişafına, gənc kadrların yetişməsinə töhfə verən bir mövqeyə çatmaq istəyirəm. Azərbaycanda texnologiya sahəsinin inkişafına töhfə vermək kimi bir məqsədim var. Bəli, bu, mənim əsas hədəflərimdən biridir. Xaricdə keyfiyyətli təhsil almaqda məqsədim yalnız fərdi karyera qurmaq deyil, qlobal texnoloji təcrübəni Azərbaycana gətirməkdir. Gələcəkdə topladığım biliklərlə yerli şirkətlərin rəqəmsallaşmasına, data əsaslı idarəetmə sistemlərinin qurulmasına və yeni gənc kadrların yetişməsinə birbaşa töhfə vermək istəyirəm".