Köhnə avtobuslarda tarif dəyişikliyi yoxdur - AÇIQLAMA

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni tarifləri yalnız müasir avtobuslara tətbiq edir”

Bakı və Bakıətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. AYNA yenilənmiş tariflər üzrə cədvəli təqdim edib. Bəzi marşrut avtobuslarında geduş haqqı dəyişməz qalıb, bəzilərində isə dəyişib. 

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, tarif dəyişikliyi bütün marşutlar üzrə yalnız yeni avtobuslara tətbiq edilir: 

- Yadınızdadırsa, ötən ilin sonlarında ictimai nəqliyyatda gediş haqları yalnız müasir avtobuslarda – təbii qazla (CNG) işləyənlərdə və elektrobuslarda yeniləndi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilirdi ki, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilir. Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minib. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil edilirdi. Qiymət dəyişikliyi bununla əlaqədar idi. Tarif dəyişikliyi bütün marşrutlar üzrə avtobuslara şamil edilmədi, çünki avtoparkda köhnə avtobuslar var idi və qiymət dəyişikliyi onlara aid edilmədi. Ötən müddət ərzində, yəni ötən ilin sonları, bu ilin ilk 3 ayı ərzində müəyyən istiqamətlərdə avobuslar yeniləndi. Yenilənəndən sonra onlara da yeni tariflər tətbiq edilir. Təqdim olunan cədvəldən də aydın olur ki, köhnə avtobuslarda tarif dəyişikliyi yoxdur. Avtopark yeniləndikcə gediş haqqı da yenilənəcək. Məqsəd ictimai nəqliyyatda müasir avtobusların xidmət göstərməsidir.