Milyonluq zərər, yüzlərlə zərərçəkən: Tikinti şirkəti qalmaqalı böyüyür

Eyni mənzil bir neçə nəfərə satılıb, 15 ildir insanları aldadır

Zərərçəkən vətəndaş hüquq-mühafizə orqanlarını hərəkətə çağırır

“Şərq” qəzeti redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, ev 33, 81 saylı mənzilin sakini Bayramov Nadir Şofiq oğlu tərəfindən müraciət daxil olub. Vətəndaş bildirir ki, 17 iyun 2019-cu il tarixdə “İnşaat Konstruksiyaları” MMC-nin faktiki sahibi Əliyev Rauf ilə Yasamal rayonu A.M. Şərifzadə 33,4-cü blok,13-cü mərtəbə ümumi sahəsi 87 kv.m. olan 323№li 2 otaqdan ibarət mənzilin pay kimi satılmasına dair aralarında 323002 saylı müqavilə bağlanıb.

Müqavilədə qiymət 45000 manat göstərilsədə, R.Əliyev N.Bayramovdan cəmi 130500 manat pul alıb. Bildirib ki, müəyyən maliyyə maraqlarına görə müqavilədə mənzilin tam dəyəri göstərilmir. Sonradan məlum olub ki, Əliyev Rauf, imzaları saxlaşdıraraq, N.Bayramova və bir neçə qonşuya mənzil satmaq adı ilə dələduzluq edərək külli miqdarda vəsaitləri ələ keçirib. Vətəndaş daha sonra qeyd edir ki, “xüsusilə külli miqdarda dələduzluq etməsinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-133/2025 saylı 03.10.2025-ci il tarixli Hökmü ilə Əliyev Rauf Rəhim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Əliyev Rauf Rəhim oğlunun barəsində şərti məhkumetmə tətbiq edilib və ona təyin olunmuş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunub. Cinayət işi üzrə ümumilikdə 100 nəfərdən çox zərəçəkənlərə 9.943.775.44 (doqquz milyon doqquz yüz qırx üç min yeddi yüz yetmiş beş manat qırx dörd qəpik) manat məbləğində maddi zərər dəydiyi müəyyən edilib. Həmin məbləğin 8.000.000 manatı qaytarılıb. Amma necə? Yenə də, «İnşaat Konstruksiyaları» MMC-dən mənzil almış bir neçə nəfərə qarşı qrup şəkilində dələduzluq edilməklə”. 

Vətəndaş N.Bayramov bildirir ki, bu məsələləri həqiqətən araşdırmaq istəyən hüquq-mühafizə orqanın nümayəndəsi onunla əlaqə saxlasa, həmin şəxsləri bir-bir göstərə bilər: 

“Hazırki vəziyyətlə bağlı Azərbaycan atalar sözü var: “Papağı Əlinin başından Vəlinin başına qoymaq”. 

Rauf Əliyev bu prinsiplə işləyərək, həm vətəndaşları, həm hüquq-mühafizə orqanlarını 15 ildir ki aldada bilir. Bu oyunbazlığın ən təhlükəli məqamı ondan ibarətdir ki, ilk şikayətimdən sonra Rauf Əliyev məni söhbətə dəvət etdi və söhbət əsnasında onun toxunulmaz olduğunu bildirdi. Zaman onun “doğru” olduğunu göstərir. Amma, hələ ki. Şəksiz inamım var ki, hüquqi dövlətdə yaşayırıq və onun barəsində mütləq olaraq layiqli qanuni tədbirlər görüləcək”. 

N.Bayramov qeyd edir ki, bu şəxsin cinayətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinə dəfələrlə müraciət edilib. Rauf Əliyevin barəsində kəsərli tədbirlər görülmədikcə o, daha da azğınlaşır və çoxsaylı vətəndaşların illərlə əziyyətlə topladığı pulları azğınlıqla ələ keçirir, dayanmır, doymur: “Əliyev Rauf Rəhim oğlu barəsində yenidən AR CM-nin 178.4 maddəsi ilə cinayət işinin başlanılması üçün əlimdə təkzibedilməz dəlillər var. Yetər ki aidiyyəti hüquq-mühafizə orqanları bu işlə maraqlansınlar, göstərdiyim şəxslərdən izahat alsınlar”.