Psixoloq: "Labubu" kimi qorxunc simalı oyuncaqlar uşaqda ambivalent hisslər oyada bilər

Səbinə Zeynalova: "Labubu" kimi oyuncaqlara yüklənən mənasız miflər daha çox böyüklərin narahatlığından qaynaqlanır

Çinin oyuncaq istehsalı üzrə ixtisaslaşan "Pop Mart International Group Ltd." şirkətinin səhmləri 2025-ci il üzrə maliyyə göstəricilərinin açıqlanmasından sonra kəskin dəyər itirib. Halbuki şirkətin gəlirləri 2.8 dəfədən, xalis mənfəəti isə dörd dəfədən çox artıb.

 Müəssisənin rəsmi bəyanatında bildirilib ki, istehsalçının ötən il ərzində əldə etdiyi gəlir əvvəlki ilin 13.04 milyard yuanlıq göstəricisini üstələyərək, 37.12 milyard yuana (5.38 milyard ABŞ dolları) çatıb. Müəssisənin xalis mənfəəti 2024-cü ildə qeydə alınan 3.13 milyard yuana qarşı 12.78 milyard yuan səviyyəsinədək yüksəlib. Hesabat ilində "Pop Mart"a ən çox qazanc gətirən məhsullardan biri ötən il dünya miqyasında məşhurlaşan mifik dovşanabənzər "Labubu" personajının da yer aldığı "Monsters" oyuncaq kolleksiyası olub. Yalnız bu seriyanın satışları şirkətə 14.16 milyard yuan (ümumi gəlirin təqribən 38%-i) vəsait qazandırıb. Gəlirlərin böyük ölçüdə tək bir kolleksiyadan asılı olması investorlarda narahatlıq yaradıb. Onlar gələcəkdə "Labubu"ya olan tələbatın aşağı düşəcəyi təqdirdə şirkətin maliyyə vəziyyətinin ciddi zərər görəcəyindən ehtiyat edirlər.

"Labubu" personajına olan kütləvi maraq artıq sadə bir oyuncaq trendi olmaqdan çıxaraq, ciddi psixoloji və sosial müzakirə obyektinə çevrilib. Bir tərəfdən fantastik mənfəət göstəriciləri, digər tərəfdən isə uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlar "Labubu" fenomenini həm iqtisadi, həm də sosial baxımdan müzakirə predmetinə çevirib.

Psixoloq Təbrizə Həbibova Sherg.az-a bildirib ki, uşaqlar üçün oyuncaqlar yalnız əyləncə vasitəsi deyil, həm də emosional bağ qurma obyektləridir. Xüsusilə 1–6 yaş dövründə oyuncaqlar uşağa “təhlükəsizlik obyekti” rolunu oynayır:

“ Yumşaq və mehriban görünüşlü oyuncaqlar uşağın daxili aləmində təhlükəsizlik, sakitlik hissi yaradır. "Labubu" kimi qorxunc simalı oyuncaqlar isə bu bağlanma prosesini poza, uşaqda ambivalent hisslər (sevirəm-amma qorxuram) oyada bilər. Bu isə emosional qarışıqlığa gətirib çıxarır”.

Psixoloq qeyd edib ki, 3–6 yaş arası uşaqlar “simvolik oyun dövrü”ndədir. Onlar oyuncaqlar vasitəsilə özlərini və başqalarını təqlid edirlər:

“ Oyuncağın xarakteri və görünüşü uşağın oyunda seçdiyi rollara təsir edir.Əgər oyuncağın surəti qorxunc və aqressivdirsə, uşaq bu obrazla eyniləşdirə, oyunda zorakı səhnələr qura bilər. "Labubu" kimi oyuncaqlar uşağın təhlükəsizlik hissini zəiflədə, simvolik oyunlarını zorakılığa yönəldə, fantaziyasını qorxu ilə yükləyə, estetik dünyasını korlaya bilər. Bu səbəbdən inkişaf baxımından uyğun deyil”.

Psixoloq Səbinə Zeynalova isə "Labubu: kimi xarakterik, bir az “qorxunc” görünüşlü fiqurlara “mənfi enerji yayır”, “uşağın ruhuna zərər verir” kimi yüklənən anlamların mənasız mif kimi dəyərləndirib. Onun fikrincə bu düşüncələr daha çox böyüklərin öz qorxuları və qərəzlərindən yaranır:

“Uşaq psixologiyasında ən önəmli amil – uşağın o əşyaya, oyuncağa necə yanaşması, ona hansı mənanı yükləməsidir. Uşaqlar üçün bir oyuncaq, ilk növbədə, sadəcə bir əyləncə, oyun vasitəsi və xəyali dost rolunu oynayır. Böyüklərin ona verdiyi “qorxulu”, “zərərli” və s. kimi mənalar, əgər uşaq özü də buna inanmırsa, birbaşa təsir göstərmir. Yəni "Labubu" və ya digər “qəribə görünüşlü” fiqurların uşağa zərər verməsi barədə elmi əsaslı sübut yoxdur. Əksinə, belə oyuncaqlar uşağın yaradıcılıq, təsəvvür və qorxu ilə üzləşmə bacarıqlarını inkişaf etdirə bilər. "Labubu" kimi oyuncaqlara yüklənən mənasız miflər daha çox böyüklərin narahatlığından qaynaqlanır. Uşaqların psixologiyasına isə elmi olaraq birbaşa zərər vermir. Əsas məsələ uşağın oyuncağa hansı gözlə baxması və valideynin bu mövzuda yanaşmasıdır”.