Səhiyyə xərcləri artırılır

İctimai və dövlət maraqlarının müdafiəsi
Əhali sağlamlığına diqqətli yanaşmalıdır
Bu il Azərbaycanda dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon manat vəsait sərf olunacaq. Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir. Belə ki, ayrılacaq vəsaitin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu / qazanılmış immunçatışmazlığı sindromu (İİV/QİÇS) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək. Qeyd edilir ki, 2025-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait nəzərdə tutulub. 
Qeyd edək ki, onkoloji xəstəliklərin müalicəsinin İcbari Tibbi Sığorta paketinə daxil edilməsinin vacibliyi bir neçə dəfə Milli Məclisdə də səslənib. Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, səhiyyə xərcləri ildən-ilə artır, dövlət büdcəsindən hər il daha artıq vəsait səhiyyə xərcləri, müxtəlif xəstəliklərin müayinə, müalicə və profilaktikasına ayrılır. Xərclərin bir hissəsini İcbari tibbi sığorta fondu qarşılayır. Bu da əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini artırır. Ən mürəkkəb cərrahi əməliyyatlar, müayinələr bu gün icbari tibbi sığorta ilə əhatə olunub. Ə.Əmiraslanov bildirib ki, lakin ambulator müalicə alan vətəndaşların dərman vasitələrini dövlət hesabına alması vacibdir. Növbəti ildən dərman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bütün tibbi müayinələr icbari tibbi sığorta ilə əhatə olunsa da, dəqiq diaqnoz qoyan müalicə də icbari tibii sığorta ilə qarşılanmalıdır. Xüsusən də onkoloji xəstəliklərin icbari sığortaya daxil edilməsi vacibdir. Onkoloji xəstəliklərin müayinə və müalicəsinə ayrılan vəsait artırılmalıdır. Çünki bu xəstəliyin müalicəsi böyük vəsait tələb edir deyə, xəstələrin böyük qrupunu müalicə etmək imkanı məhdudlaşır. İlk addım olaraq müalicəsi üçün vacib olan dərman preparatları icbari tibbi sığorta öz üzərinə götürməlidir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır. 
Həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, hər il səhiyyə xərclərinə ayrılan vəsaitin artırılması vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Dövlət bunda maraqlıdır, çünki xəstəliklərin ilkin mərhələdə təşhisi və müalicənin aparılması daha az vəsait tələb edir, nəinki ikinci, üçüncü və ya sonuncu mərhələdə. Digər tərəfdən onkoloji xəstəliklərin erkən diaqnostikası icbari tibbi sığorta paketinə daxil edilib. Bu, ən təhlükəli xəstəliklər siyahısında ön sırada dayanan onkoloji xəstəliklərin erkən təşhisinə imkan verəcək:
 - Erkən diaqnostikanın icbari tibbi sığorta hesabına qarşılanması dövlətin səhiyyə sahəsində apardığı uğurlu islahatların nəticəsidir. Bununla dövlətimiz vətəndaşların sağlamlığının qarantı rolunda çıxış etdiyini əyani göstərir. Orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasının təmin edilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilir ki, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir. Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir. Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur. İTSDA-nın məlumatına görə, digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur. Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir. Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir. Histeroskopiya qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata keçirilən vacib müayinə metodudur. Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Qurumun məlumatında qeyd edilib ki, şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir. Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur. Dövlət Agentliyi vurğulayır ki, icbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Sadəcə, insanlarımız səhhətlərinə qarşı diqqəti artırsınlar, hər hansı narahatlıq hiss etdikdə, həkimə, tibb müəssisələrinə müraciət etsinlər, icbari tibbi sığortanın imkanlarından yararlansınlar.