"Neylərəm" - Xumar Qədimova yeni klipini təqdim etdi - VİDEO

Noyabrın 1-də "Azərkitab” Kitab Təbliğatı Mərkəzində Əməkdar artist Xumar Qədimovanın Nəsiminin 650 illiyinə həsr olunmuş "Neylərəm" klipinin təqdimatı keçirilib. APA -nın məlumatına görə, tədbirdə deputatlar Aqil Abbas, Əflatun Amaşov, Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

X. Qədimova onun yaradıcılığında klassiklərin hər zaman xüsusi yeri olduğunu bildirib: "Neylərəm" qəzəli mənim illərdir sevdiyim qəzəl idi. Ümumiyyətlə, Nəsimi ruhu, Nəsimi fəlsəfəsi mənə çox yaxındır. Əslində, Məhəmməd Hüseyn Şəhriyarın "Yar qasidi" şeiri üzərində işləyirdim. Amma bu il ölkə başçısı tərəfindən "Nəsimi İli" elan olunması bizim Nəsimiylə bağlı planlarımızı tezləşdirdi. Düşünürəm ki, çox möhtəşəm əsər ortaya qoya bildik".

Əməkdar artist əsərin internetə yerləşdirildiyi andan böyük marağa səbəb olduğunu qeyd edib: "Bu təqdimatın keçirilməsinə gərək görməsəm də, dəyərli ədəbiyyat adamları, millət vəkilləri belə məsləhət gördülər ki, keçirmək lazımdır. Buna görə hər kəsə təşəkkür edirəm".

X.Qədimova Nəsiminin 650 illik yubileyi münasibəti ilə həmkarlarının hazırladıqları digər mahnılara münasibət bildirərək deyib ki, "Nəsimi İli"nə möhürü məhz "Neylərəm" layihəsi vurub".

Yazıçılar Birliyinin katibi, şair Rəşad Məcid təqdimat keçirmək təklifinin Əflatun Amaşovdan gəldiyini söyləyib.



Ə. Amaşov isə təqdim olunan layihəni Nəsiminin yubileyinə ən yaxşı töhfə kimi dəyərləndirib: "Rəşad Məcid sosial şəbəkədə "Neylərəm" klipini paylaşmışdı. Mən Xumar xanımın yaradıcılığını izləyən biri kimi bu klipi də çox bəyəndim. Məncə, Nəsiminin 650 illik yubileyinə ən yaxşı töhfə məhz bu layihədir. Öyrəndim ki, klipin təqdimatı olmayıb. Ona görə də təqdimat keçirilməsini təklif etdim”.

Xalq şairi Ramiz Rövşən Xumar Qədimovanın musiqisinin Nəsimi ruhuna doğmalığından bəhs edib: "Nəsimi Şərqin böyük şairidir. Nəsimi sözün ucalığı, insan ruhunun təntənəsi deməkdir. Xumar xanımın ifasında ruhların vəhdəti var. Musiqi Nəsimi ruhunu ifadə edib. İfa da çox gözəldir".

Sonra Xalq şairi Nəriman Həsənzadə, millət vəkili Aqil Abbas və başqaları çıxış ediblər.