Koronavirus pandemiyasının qara buludları hələ də başımızın üzərindən çəkilməyib. Tək çarəmiz evdə qalıb, izolyasiya qaydalarına əməl etməkdir. Bu müddətdə vaxtımızı keçirmək üçün müxtəlif məşğuliyyətlər tapıb, yeni hobbilərə yiyələnmək olar.
Bəs həmişə toyda, konsertdə, tədbirlərdə olan tanınmışlar günlərini necə keçirir?
Bu sualın cavabına “Sherg.az”ın hazırladığı “Karantin gündəlikləri” rubrikasında aydınlıq gətirməyə çalışdıq.
Estradamızın divası, xalq artisti Aygün Kazımova kiritik günləri itləri ilə vaxt keçirərək dəyərləndirir. Sənətkar sevimli dostlarının şəkillərini instaqramın hekayə bölməsində paylaşır.
Tanınmış prodüser, aparıcı Tolik də Bakının səs-küyundən qaçıb bağ evinə üz tutanlar sırasındadır. O bir müddət əvvəl tikdirdiyi evindən videolar, şəkillər paylaşaraq izləyiciləri ilə bölüşür.
Müğənni Aysel Əlizadə isə karantin günlərində dekorasiya işlərinə maraq salıb. Sənətçi xırda daşları rəngləyərək həyətdəki güllərin ətrafına düzüb. O, rəsmi instaqram səhifəsində əl işlərini paylaşaraq həmkarı Zamiq Hüseynovdan stimul aldığını vurğulayıb.
Sevilən şairə, aparıcı Nazilə Səfərli isə karantini keçirmək üçün Novxanıya yollanıb. Nazilə xanım təbiətin qoynunda çəkdirdiyi şəkilləri rəsmi instaqram səhifəsində yerləşdirib.
Tanınmış idmançı Kamil Zeynallı ailəsi ilə rayonlarımızdan birinə səfər edib. Məşqçi qızı Sahilə ilə keçirdiyi əyləncəli dəqiqələri sosial şəbəkə hesabında paylaşıb. Ata ilə qızının təbəssüm yaradan görüntüləri izləyiciləri tərəfindən xoş qarşılanıb.