Son halı qorxutdu! - Ceki Çan ağarmış saçlarından danışıb

Hollivudun məşhur döyüş sənəti ustası Ceki Çan səhhəti ilə bağlı açıqlama verib. Bu yaxınlarda 70 yaşı tamam olan aktyor sosial şəbəkədə trend olan həmin fotodan danışıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, “Dünyanın ən çox qazanan aktyorlarından” biri olan Çanın tədbir zamanı çəkilmiş qar kimi ağapaq saçlarını göstərən bəzi fotoları sosial mediada sürətlə yayılıb. O, pərəstişkarlarını narahat edən bu fotolarla bağlı açıqlama verib.

Aprelin 7-də 70 yaşı tamam olan aktyor "Bu yaxınlarda dostlarım internetdə bəzi şəkillərimi görüb səhhətimdən narahat oldular. Narahat olmayın! Yeni filmim üçün belə görünməli oldum. Saçlarım və saqqal ağarmalı idi və mən yaşlı görünməli idim”- deyə qeyd edib.

62 ildir film sektorda olduğunu bildirən Çan vurğulayıb ki, hələ də filmlərdə rol ala bildiyi üçün özünü çox şanslı hiss edir.

Ceki Çan 7 aprel 1954-cü ildə Honq Konqda anadan olub. Filmlərindəki mahnıları tez-tez oxuyan Ceki Çanın çoxlu albomları var. Aktyorluq karyerasında 100-dən çox filmə çəkilən Ceki Çan dünyanın "ən çox maaş alan" aktyorlarından biridir.