“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama!

Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.
Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub.

Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.

İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildirib.

Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb:

“Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir”.

Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib:

“Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla lazımlı yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırılma aparılmalıdır”.

Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib:

“Hələ ki, məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq? Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah haqq-ədalət öz yerini tapar”.