Azərbaycanda ilk dəfə olaraq bütövlükdə bölgə Ümumdünya İrs Siyahısına salındı


“Hər bir dövlət və xalq özünə məxsus olan mədəni, maddi və qeyri-maddi irslərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması üçün çalışır”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. 

Milli Məclisin üzvü bildirib ki, müstəqilliyindən qısa zaman keçməsinə baxmayaraq, Azərbaycan dövləti bu sahədə mühüm uğurlar qazanıb: 



“Komitənin sonuncu iclasına qədər maddi irs siyahısında dünyanın 1029 obyektindən sadəcə 3-ü Azərbaycanın idi. Bunlar Qız Qalası, İçərişəhər və Qobustan yazılı abidələri idi. Siyahıya dördüncünün də əlavə edilməsi Azərbaycan mədəni irsinə dünyanın marağını göstərir. Artıq bu məkan təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin mədəni irsi sayılır. Bəşəriyyətin mədəni zənginliyində Azərbaycan xalqının yeri böyükdür. Ölkəmizdə belə ərazilər və abidələr çoxdur. Hazırda YUNESKO-ya təqdim edilən 10 obyektimiz mövcuddur. Onların içərisində Ordubad və Şuşa şəhərləri, Zaqatala qoruğu və digər məkanlar var. Onlarla bağlı müzakirələr davam edir, yəqin ki, zaman-zaman həmin bölgələr də siyahıya daxil ediləcək”. 

Deputat vurğulayıb ki, bu şəhərlərin və abidələrin dünyada tanıdılmasında cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük əməyi var

“YUNESKO ilə sıx işləmək, Azərbaycan incəsənəti və mədəniyyətinin beynəlxalq səviyyədə tanınması, qlobal tədbirlərə ev sahibliyi etmək və s. məqamlar dünyanın diqqətini Azərbaycana cəlb edir. Azərbaycanla bağlı layihələr hər zaman böyük maraqla qarşılanır. Qeyd edim ki, maddi obyektlərdən başqa, qeyri-maddi obyektlər siyahısında da Azərbaycanın adı var. Həmin siyahıda 13 mədəni irsimiz qeydiyyatdadır. Müqayisə üçün deyim ki, Ermənistandan 4, Gürcüstandan isə cəmi 3 qeyri-maddi irs qeydiyyata alınıb. Bunun Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Bu, ilk növbədə Azərbaycandakı sivilizasiyanın qədim tarixini, xalqımızın istedadını və potensialını göstərir”. 

A.Mirzəzadənin sözlərinə görə, bu qərar Azərbaycanla bağlı məlumatların dünyada daha çox yayılmasına gətirib çıxaracaq

“Azərbaycan daha çox tanınacaq və turist axını artacaq. Turist marşrutlarında YUNESKO-nun mədəni irsinə salınmış məkanlara maraq böyük olur. Hesab edirəm ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Şəki regionu turizm üçün çox maraqlı bölgədir. Şəkinin qədim və özünəməxsus mədəniyyəti var. Azərbaycanın dilbər guşələrindən biridir. Ən vacib məsələ isə odur ki, ilk dəfə olaraq Azərbaycanda hansısa obyekt deyil, bütövlükdə bölgə siyahıya salındı. 

Çəkdikləri böyük zəhmətə, fədakarlığa, mədəniyyətimizi və incəsənətimizi tanıtdıqlarına görə həm cənab Prezidentə, həm də birinci vitse-prezidentə öz təşəkkürümü bildirirəm”.