Aqil Camal: “Həm birbaşa Ermənistandan terrorçuluğu təbliğ və təşviq edən abidənin qaldırılmasını tələb etməli, həm də, Avropa qurumları, beynəlxalq insan haqları təşkilatları qarşısında məsələ qaldırılmalıdır”
“Bu hadisənin məhz ermənilər tərəfindən təbliğ olunması erməni xalqının işğalçı, terrorçu mahiyyətini göstərən daha bir örnəkdir”.
Bunu “Sherg.az”a açıqlamasında “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal deyib.
Baş redaktor bildirib ki, ermənilər bu xislətlərini gizlətmir, əksinə yeri düşdükcə təbliğ edirlər:
“Xocalı soyqırımını törədənlərin - Sarkisyanın, Zori Balayanın və digərlərinin yazılarında, müsahibələrində də, etdikləri qeyri-insani hərəkətlərdən şövqlə danışmaq nümunələri var. Konkret, abidə məsələsinə gəlincə, yaxşı olardı, bu məsələni Türkiyə tərəfi ciddi şəkildə qaldırsın. Həm birbaşa Ermənistandan terrorçuluğu təbliğ və təşviq edən abidənin qaldırılmasını tələb etməli, həm də, Avropa qurumları, beynəlxalq insan haqları təşkilatları qarşısında məsələ qaldırılmalıdır. Azərbaycan da öz növbəsində bu işə dəstək verməlidir. Amma qeyd etdiyim kimi, hüquqi-siyasi baxımdan, Türkiyənin ilk addımı atması lazımdır”.
Qeyd edək ki, Ermənistanın Şirak rayonunda Türk generalı Tələt Paşanı qətlə yetirən terrorçu Soqomon Teyliryanın heykəli qoyulub. Heykəlin ayağının altında isə Tələt Paşanın kəsilmiş başı təsvir edilib.
Lakin hər zaman olduğu kimi illər öncə də ermənilərin barbarlığına və terrorizmə dəstək verməsinə göz yumulub. İndi ermənilər heykəlin fotosunu sosial şəbəkələrdə kütləvi şəkildə paylaşaraq, türklər əleyhinə ağza alınmayacaq ifadələr yazır, türk xalqını təhqir edirlər.