Aprelin 27-dən 30-dək “Azərbaycan tarixinin dönüş nöqtəsi: 27 aprel işğalının yüz illiyi (1920-2020)” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan "Sherg.az"a verilən məlumata görə, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 18 fevral 2020-ci il tarixli sərəncamında qeyd edilib.
Genişləndirilmiş Elmi Şurada Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AMEA-nın prezidentinin sərəncamı barədə tarixçi alimlərə ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq simpozium Tarix İnstitutunun koordinatorluğu, Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı və AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin birgə iştirakı ilə baş tutacaq: “Bu ilin aprel ayında Şimali Azərbaycanın bolşeviklər tərəfindən işğalının 100 illiyi tamam olur. 1920-ci il aprelin 27-də sovet Rusiyasının XI Qırmızı ordusu bütün beynəlxalq hüquq normalarını pozaraq Şimali Azərbaycanı işğal edib. Bunun nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və bu tarixi hadisə xalqımızın gələcək taleyinə öz mənfi təsirini göstərmişdir”.
Toplantıda Elmi Şuranın üzvləri Ramiz Mehdiyevin “Azərbaycan tarixinin dönüş nöqtəsi: 27 aprel işğalının yüz illiyi (1920-2020)” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi haqqında sərəncamını böyük razılıqla qarşılayıblar.
Daha sonra Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri, professor Mais Əmrahovun Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən olan Həmid bəy Şahtaxtinski (1880-1944) haqqında məruzəsi dinlənilib.
Məruzədə bildirilib ki, Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan dövlətçiliyi və təhsili tarixində şərəfli yerlərdən birini tutur. Şahtaxtinski Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrində maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində isə maarif və dini etiqad naziri olub. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyuk əmək sərf edib. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim və prorektor işləmişdir. Şahtaxtinski Stalin repressiyasının qurbanlarındandır. 1944-cü ildə Arxangelsk vilayətində sürgündə həlak olub.
Sonda Həmid bəy Şahtaxtinskinin 140 illiyinə həsr olunan ayrıca elmi konfransın keçirilməsi qərara alınıb.