Tarixi abidələrin məhv edilməsinə sərt təpki: “Mirası beləmi qoruyuruq?!”


Dilavər Əzimli:“Təəssüf ki, yüz illərlə təkcə ərazilərimizi deyil, tariximizi, təfəkkürümüzü də işğal etdilər. Nəticə də budur”

“Ürəyim yanır! Təəssüf ki, bu dağıntıda yerli məmurlar da iştirak edir, abidələri şəxsi bizneslərinə qurban verirlər”

“Beş ildən bir bu abidlərin siyahısına nəzər salın. Görəcəksiniz ki, hər üç istiqamətdə abidlərdən məhv edilənlər var. Bax, faciə də bundadır! Onları məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”



Tarixi abidəmizə qarşı vandalizm nümayiş olunub. Nə yazıq ki, bu dəfə vəhşiliyin müəllifi məhz soydaşlarımızdır. Gəncədə Alban abidəsinin bir hissəsini söküb evə birləşdiriblər. Məlumata görə, iki qonşu evlərinin hasarını abidəyə birləşdirib. Nəticədə, abidənin bir hissəsi evlərin həyətinə daxil olub və həmin hissə sökülüb. Baş verənləri “Sherg.az”a dəyərləndirən tarixçi-alim Dilavər Əzimli tarixi abidəyə münasibətin böyük mədəniyyət olduğunu deyib.Onun sözlərinə görə, tarixi abidələr bizə babalarımızın əmanətidir:

“Əmanəti qorumaq lazımdır. Tarixi abidəyə mədəniyyət məktəb illərindən aşılanmalı, valideynlər tərəfindən tərbiyənin bir növü kimi uşaqlara öyrədilməlidir. Təəssüf ki, yüz illərlə təkcə ərazilərimizi deyil, tariximizi, təfəkkürümüzü də işğal etdilər. Nəticə də budur. Belə hallar Azərbaycanın hər yerində müşahidə olunur. Gözümüzün qabağında İçərişəhəri nə günə qoydular. Dünyada analoqu az olan bir mədəniyyət şəhərini restoranlarla, kafelərlə, otellərlə bəzədilər. Azərbaycanın çox yerində abidələrin dağıdılması hallarını müşahidə etmişəm. Ürəyim yanır! Təəssüf ki, bu dağıntıda yerli məmurlar da iştirak edir, abidələri şəxsi bizneslərinə qurban verirlər”.



Tarixçi qeyd edib ki, Gəncədə və ətraf rayonlarda Alban abidələrinin məhv edilməsi ilk hal deyil:

“Azərbaycanda belə hallar tez-tez təkrar olunur. Məsələnin kökündə dayanan bizim insanların həm də öz tarixlərindən dərindən xəbəri olmamasıdır. Onlar xristian abidələrinə ögey münasibət bəsləyir və qəzəblərini bu yolla çıxırlar. Bu dini münasibətdir. Başa düşmürlər ki, bu onların tarixi keçmişidir. Bizdə nə qədər desən, Tanrıçılığı əks etdirən xristian məbədləri var. Onlar tarixi Azərbaycan abidələridir. Məhz Azərbaycan ərazilərində mövcud olan Azərbaycan Albaniya dövləti zamanında xristianlıq bərqərar oldu və insanlar İslama qədər bu dinə sitayiş etdilər. Bunu çatdırmaq lazımdır. Abidələrimizin dağıdılmasında məsuliyyət tarixi abidələrə məsul olan qurumların üzərinə düşür. Hazırda ölkədə nə qədər beynəlxalq, respublika və region əhəmiyyətli tarixi abidə var? Beş ildən bir bu abidlərin siyahısına nəzər salın. Görəcəksiniz ki, hər üç istiqamətdə abidlərdən məhv edilənlər var. Bax, faciə də bundadır! Onları məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”.

D.Əzimlinin qənaətincə, tarixi abidəyə vandal münasibət, dövlətçiliyə olan vandal münasibətdir:

“Çünki dövlətin əsas qaynaqları tarixi abidələrdir. Bizə yadigar qalan mirası beləmi qoruyuruq? Dahi Səməd Vurğun yazırdı: 

Kim bilir dünyanın neçədir yaşı,
 Tarixin nə qədər yazısı vardır.
 Hər saxsı parçası, hər məzar daşı, 
Nəsildən-nəslə bir yadigardır. 

Yazıqlar olsun! Elə dövrə gəlib çıxdıq ki, mənəviyyat məhv edilir, təhsilin səviyyəsi aşağı enməkdə davam edir, tarixi abidələrə vandal münasibət göstərilir. Bunların qarşısını almağın bir yolu var-Milli ideologiyanın güclü təbliğatı! Onda hamı bu məsələdə bir nöqtəyə vuracaq. Gəncə və başqa şəhərlərdə tarixi abidələr məhv edilməyəcək. Çünki millət abidəni öz dövlətini sevən kimi sevəcək”